NATO-nun baş katibi Yens Stoltenberq ümid edib ki, Türkiyə və Macarıstan İsveçin Şimali Atlantika Alyansına üzvlüyünü daha gecikmədən ratifikasiya edəcəklər.
Tezadlar.az xəbər verir ki, o, bu barədə Macarıstanın index.hu saytına müsahibəsində bildirib.
“Bütün NATO müttəfiqləri İsveçin daxil olması ilə razılaşır və Stokholm bütün öhdəliklərini yerinə yetirib. Mən Türkiyə və Macarıstanın İsveçin üzvlüyünü gecikdirmədən ratifikasiya edəcəyini gözləyirəm”, - Stoltenberq deyib.
O qeyd edib ki, Brüsselə səfəri zamanı Macarıstan prezidenti Katalin Novak ilə İsveçin alyansa üzvlük məsələsini müzakirə edib. Onun sözlərinə görə, onlar İsveçin daxil olmasının bütün alyansı daha da gücləndirəcəyi qənaətindədirlər.
Stoltenberqlə görüşdə Novak Finlandiyanın NATO-ya daxil olmasını müsbət addım adlandırıb və İsveçin tezliklə alyansa daxil olacağına ümid etdiyini bildirib. O xatırladıb ki, ərizənin ratifikasiyası məsələsi parlamentin səlahiyyətindədir və nə o, nə də baş nazir Viktor Orban deputatların işinə təsir göstərə bilməz.
E.ŞİRİNOV