“Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir.”
Yeddi il (1998-2005-ci illər) Almaniyada xarici işlər naziri vəzifəsində çalışmış Yoşka Fişer Avropanı nüvə silahı ilə silahlanmağa çağırıb.
O, bu barədə “Zeit Online”a müsahibəsində bildirib.
Sabiq nazirin sözlərinə görə, dünya dəyişir, hətta Rusiya Prezidenti də bu silah vasitəsilə sözünü yeridir...
“Avropa İttifaqının (Aİ) “nüvə çəkindiriciliyi”nə qarşı ehtiyacı var. Dünya dəyişir, Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir”, - deyə Y.Fişer bildirib.
Sabiq nazir gələcəkdə də ABŞ və Avropanın dost münasibətdə olacağına inanır, lakin o, ABŞ-ın sabiq Prezidenti Donald Trampın yenidən Amerikanın prezidenti seçiləcəyi təqdirdə vəziyyətin dəyişə biləcəyindən narahatlığını da ifadə edib, həmçinin Almaniya hökumətinin Ukraynaya yardımı davam etdirməyə səsləyib.
“ABŞ və Avropanın birlik içində qalacağına inanıram, amma Donald Tramp yenidən prezident seçilsə, nə olacaq? Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq təsirli hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Avropa olaraq bizim də təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyac duyuruq. Bunu birlikdə etməliyik. Almaniya hökuməti Avropa və Almaniya üçün həyati əhəmiyyət kəsb edən Ukraynaya yardımı davam etdirməlidir. Eyni zamanda, biz kiber təcavüz hücumlarına qarşı da çəkindirici və müdafiə qabiliyyətinə malik olmalıyıq”, - deyə sabiq XİN rəhbəri təkliflərini bildirib.
Xatırladaq ki, illər öncəsi “Vikiliks” saytı yazmışdı ki, Amerika kəşfiyyatı uzun illər - Yoşka Fişer Almaniyanınxarici işlər naziri vəzifəsində çalışarkən onu dinləyib, o cümlədən, digər nazirləri də…
Bu işin üstü isə düz 10 il sonra açılmışdı...
JASMİN