Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı Aİ-nin danışıqlarını şərh edib. Onun sözlərinə görə, Rusiya onları diqqətlə izləyir, lakin bu dövlətlərin tezliklə Aİ-yə daxil olmasını çətin hesab edir.
"Danışıqlar onilliklərlə davam edə bilər. Aİ-nin giriş üçün ciddi meyarları var. Nə Ukrayna, nə də Moldova onlara cavab vermir", - Peskov bildirib.
O, həmçinin əlavə edib ki, Aİ-nin özü də indi çətin dövrlərdən keçir.
Kreml sözçüsünə görə, yeni üzvlər Avropa İttifaqında sabitliyi poza bilər.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirmişdi ki, Avropa liderləri Moldova və Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəliblər.
E.ŞİRİNOV