2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkilərinə heç bir ölkə müdaxilə edə bilməyəcək. Respublikanın hakim partiyası “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın baş katibi, Tbilisi meri Kaxa Kaladze qarşıdan gələn seçkilərə xarici müdaxiləni qeyri-mümkün sayıb.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
“Seçkilər əvvəlki illərdə olduğu kimi demokratik keçiriləcək. Nə Rusiyaya, nə Amerikaya, nə Avropaya, nə də heç bir ölkəyə Gürcüstanın daxili işlərinə qarışmaq, iğtişaşlar yaratmağa çalışmaq imkanı verilməyəcək”, - o deyib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, seçkilərdən sonra yeni koalisiya hökumətinin hakimiyyətə gəlməsini istəyir. O qeyd edib ki, seçkilərdən sonra parlamentə gələcəklər üçün platforma yaratmaq üçün hakim partiyadan başqa bütün partiyalarla işləyir.
Fevralın 25-də rusiyalı politoloq Aleksandr Dudçak bildirib ki, Gürcüstanda seçkilər fonunda etirazlar başlaya bilər. O qeyd edib ki, respublikada Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür.
E.ŞİRİNOV