Mərhum tarixçi-pedaqoq Nəsib Yusifovun şəxsiyyəti, elmi, dünyagörüşü, fəaliyyəti şagirdlərinin xatirələrində

O, qədim sufi dərvişləri və yorulmaz səyyahlar kimi bu məmləkəti, bütün Şərqi qarış-qarış gəzdikdən sonra dünyanın, tarixin o başından dönüb gəlmişdi sanki... Özü də tarix müəllimi idi. Heç tarixçi olmasaydı, başqa sahədə ixtisaslaşsaydı, məsələn mühəndis, rejissor, həkim fəaliyyətində belə, haqqında söylənilən yüksək fikirləri, rəyləri haqq edərdi.

Çünki xarakterində bir alicənablıq, daxilində oxumaq, öyrənmək, məchulluğa vaqiflik, gör-götür, çalışqanlıq həvəsi vardı. Sadəcə, yalnız elm və tərbiyənin bir-biri ilə sıx bağlılığı zəminində müsbət nəticələr əldə edilməsi, cəmiyyət üçün gərəkli kadrlar hazırlamağın mümkünlüyü və bu kriteriyalar gənc nəsillərin tərbiyəçisi olan pedaqoqlarda birləşdiyinə görə həmin peşəylə tam uyğunlaşmış, ruhən qovuşmuşdular. Müəllimlik də, elə daşıdığı tərbiyə işləri üzrə direktor müavini vəzifəsi də ona çox yaraşırdı. Nəinki kənd məktəbində, ölkənin, regionun ən nüfuzlu universitetlərində, akademiyalarında da adıçəkilən mənsəblərə layiqiydi. Mən 35-40 il öncə orta məktəbdə oxuduğum illərdə və sonrakı müşahidələrimdə bu şəxsin bir dəfə də olsun, səsinin tonunu yüksəltdiyini eşitmədim, əsəbləşib kəskin hərəkətlərə yol verdiyini görmədim. ...Və sağlığında da, vəfatından sonra da, haqqında ancaq “yaxşı adamdır”, “gözəl insan idi” fikirləri səsləndi, hətta məqalə üçün material toplayarkən ünsiyyətdə olduğum ziyalılarımız məhz ondan yazmaq istədiyimə görə təşəkkür etdilər. Uzun illər çiyin-çiyinə partiya işində çalışdığı Əsəd Musayev və başqaları əvvəl bu acı xəbərə inanmadıqlarını, bərk təəssüfləndiklərini bildirdilər...

Nəsib Məhəmməd oğlu Yusifov 1958-ci ildə Zaqatala rayonunun Muğanlı kəndində doğulmuşdu. 1975-ci ildə orta məktəbi, 1981-ci ildə ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə doğma kəndindəki “Moskva” kolxozunda ilk komsomol təşkilatının katibi kimi başlayıb, daha sonra partiya təşkilatının katibi olub. Bir ictimaiyyətçi kimi də kabinetlərdə əyləşməzdi, daim sadə kütlələrin - fəhlələrin, kolxozçuların, tütünçülərin, üzümçülərin yanında olardı. 1982-ci ildən bu vəzifələrə paralel şəkildə orta məktəbdə “Tarix”, “İctimaiyyət”, “Hüquq” fənlərini tədris edirdi. Biz - səksəninci illərin bir az qaynar, iddialı, ərköyün, “cırcırama” şagirdləri ondan tarix kitablarında olmayan, yaxud səthi, ya da subyektiv verilən mətləbləri - Cənubi Azərbaycan problemi, Karib böhranından tutmuş, bolqar öncəgörən Vanqaya qədər hər şeyi öyrənməyə çalışırdıq. 

qurban-c-4

Tarixçi Xədicə Xəlilova: “Nəsib müəllim istedadlı və işgüzar kolleqalarımızdan idi. Ən başlıcası isə həm pedaqoji yanaşma və metodiki əlaqələndirmə, həm də maraqlı həmsöhbət kimi sinfi, auditoriyanı cazibədə saxlamağı bacarırdı. Uzun müddət eyni məktəbdə çalışdıq, bir-birimizi əvəzlədik... Həmkarlığı, kollektivçilik ənənələrini qoruyub saxlamağı bacarırdı. Ruhu şad olsun.”

Mərhum müəllimimizin bilikləri və davranış kodeksini öz üzərində işləməsi, oxuyub öyrənməsi hesabına əxz etməsi şübhəsizdir. Amma ailə mühiti faktoru da var ki, üzərindən sükutla keçə bilmərik. Həm də bu, əla fürsətdir, kim bilir, indidən belə bir də o adamlar haqqında danışmağa imkan düşəcəkmi? Əvvəla, Hacınəsiblər Muğanlının sayılıb-seçilən nəsillərindən biridir. Nəsib müəllimin atası -Mamed müəllim deyə müraciət etdiyimiz Məhəmməd Yusifov təcrübəli pedaqoqlardan olub. Uzun illər uşaq təşkilatında çalışmışdı, məktəbin, kəndin bütün ictimai işlərində pionerlərlə - şagirdləri ilə birgə nümunə göstərirdi. Övladlarındakı təşkilatçılıq qabiliyyəti də məhz ata mənəvi mirası sayıla bilər. Anası Gülüstan bibi Muğanlının xanım-xatın, zəhmətkeş qadınlarından idi. Əgər sovet dönəminin kollektiv təsərrüfat forması olmasaydı, bu ağbirçəyi heç vaxt tanımayacaqdım. Biz yuxarı sinif şagirdləri zor-xoş üzüm bağlarına yığıma köməyə gedəndə, o da 3-4 cərgə aralı qızları ilə birgə məhsul toplayırdı. Savadlı, ağayana, sözü, hərəkəti ölçülü-biçili xanım idi. Allah bütün valideynlərə rəhmət eləsin.

N.Yusifovun ətrafında və sinifdə formalaşdırdığı ciddi elmi aura şagirdlərindən əksəriyyətinin gələcək taleyini, ixtisas yönümünü sözügedən sahə ilə bağlamasıyla nəticələnib. Vaxtilə ondan tarixin təməl bilgilərini dinləyən, bu gün isə həmin fənni tədris edən Diləfruz müəllimə danışır: “Bütün müəllimlərimizi yüksək ehtiramla anırıq, həyatda qazandığımız yaxşı nə varsa, onlara görədir. Nəsib müəllimin işində məsuliyyəti, tələbkarlığı, qayğıkeşliyi bizlərə müəllimliyi, tarixi sevdirdi. Vaxtilə böyüklərimizdən, ustadlarımızdan öyrəndiklərimizi indi növbəti nəsillərə çatdırmağa çalışırıq. Hər birinin işıqlı xatirəsi yaddaşımızda, qəlbimizdə yaşayacaq!”

qurban-c-1

Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyirdi. O da tam yerində və məntiqlidir ki, Ulu öndər Azərbaycanda təklif olunan müxtəlif fəxri adlar və mükafatlardan yalnız “Xalq müəllimi” fəxri adını böyük məmnuniyyətlə qəbul etmişdi.

Yazımın əvvəlində rəhmətlik müəllimimizin xarakterik xüsusiyyətlərini sadalayarkən uzaqgörən tövsiyələri, təmkinli davranışı, səbrli islahatları barədə söhbət açmışdım. Məsələ bundadır ki, həmin ərkyana narazılıq və iradla cəmi bircə dəfə özüm də qarşılaşmışam - şagird kimi yox, məqalə müəllifi olaraq... Kənd camaatı yaxşı bilir ki, mən hələ IX sinifdə oxuyarkən 15 yaşımda Zaqatalada dərc olunan “Qırmızı bayraq” qəzeti ilə əməkdaşlıq edir, məktəb, kolxoz həyatından, sadə peşə adamlarından kiçik yazılar qələmə alırdım. Təcrübəsizliyimdən ferma müdirinin sağıcı həyat yoldaşından yazdığım məqalədə müxtəlif məlumat yanlışlığı getmişdi. Məsələ yuxarılarda ya bilinmədi, ya da açılıb-ağardılmadı, amma Nəsib müəllim bir partkom kimi, təklikdə mənə rəqəmlərin fermadakı hesabdardan deyil, idarənin mühasibatlığından götürülməsinin vacibliyini söylədi...

Bu məqamda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini aparıcı məsləhətçisi Cavanşir Ramazanovu dinləyək: “Nəsib müəllim mənim yaddaşımda səmimi insan, şagirdlərinin sevimlisi, bir dost qədər yaxın, ali məqamlı pedaqoq olaraq qalıb. O, məhz hər kəsin “dünyadan necə yaxşı insan getdi” deyə təəssüfləndiyi bir şəxsiyyət idi. Neçə-neçə öyrəncisinin ömür yollarına nur çiləyən bir müəllim idi. Belə müəllimin dərs dediyi şagird olmaq mənim üçün ayrıca bir qürurdur. Tarix fənnini şagirdlərə sevdirməsi ilə yanaşı, həm də dünyagörüşü, həyata baxışı, düşüncələri ilə bizlərə hər zaman daha irəli getmək lazım olduğunu aşılayırdı. Bir sözü indiyədək yadımdadır, “əgər sən bu enerjini sırf dərslərinə yönəltsən, çox böyük uğur qazanarsan” demişdi. Bu fikir məndən ötrü həm motivasiya, həm də dəyərli bir məsləhət olmuşdu. Peşələrin şərəflisi olan müəllimliyi ən uca zirvəyə qaldırmışdı Nəsib Yusifov... Məkanı cənnət olsun”.

qurban-c

Nəsib müəllim həm də qayğıkeş ata, gözəl ailə başçısı idi, iki qız, bir oğul övladını xalqa, cəmiyyətə layiq böyütmüşdü, hərəsi bir sahədə halal zəhmətlə dolanırlar. Maşallah, nəvələr onu baba, Mərhəmət xanımı nənə məqamına yüksəldiblər... Allah qorusun!

Almaniya kansleri O.Bismark ölkəsinin möhtəşəmliyini xalqının müəllimi ilə izah edib. Məşhur dövlət xadimi Fransa ilə müharibədə Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi sayırdı: “Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi.”

Otto fon Bismarkın təbrincə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan müəlliminin tarixi Zəfərimizi təmin edən necə vətənpərvər gənclər yetişdirdiyi göz önündədir.

Mən mərhum müəllimimi sonuncu dəfə qohumum Ramazan Yusif oğlunun hüzr mərasimində gördüm. Söhbətlərindən şəkər xəstəliyindən əziyyət çəkdiyi, pəhrizdə olduğu, ürəyinə stend qoyulduğu aydınlaşsa da, qıvraq idi, belə tez bizimlə vidalaşacağı kimsənin ağlına gəlməzdi… Sən saydığını say, gör fələk nə sayır?

Nəsib Məhəmməd oğlu ömrünün 65-ci ilində doğmalarından, müəllim və şagird kollektivindən, sevimli işindən ayrılıb haqq qovuşdu. Bu dünyanı kim tutub duracaq, həyatda kim qalacaq ki..? Əsas odur, cismani, fiziki varlığından sonra səni andıracaq, xatırladacaq əməllərin olsun... Bu kiçik yazının böyük qəhrəmanı kimi...

Bütün şagirdləri adından:

Qurban Cəbrayıl,

“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN