Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, icazə almadan tikintiyə, söküntüyə başlayırlar. Onları dayandıracaq qurum da yoxdur”.
TEZADLAR.AZ KİV-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bugünki iclasında partiya sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, tikinti şirkətlərinin rəhbərlərinin gözlərini pul elə tutub ki, Allahdan belə qorxmurlar: "Anlamırlar ki, Allah bir gün onlara qan qusduracaq. Müavinim Elçin Mirzəbəylinin həyat yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödəmədən gəlib söküblər. Mən bilirəm ki, bu, Ombudsmanın gücü çatacaq məsələ deyil, amma soruşmaq istəyirəm, siz nə təklif edirsiniz? Milli Məclisin məsuliyyəti nə qədərdir? Biz nə edək ki, bu vəziyyəti dəyişək?”.
Xatırladaq ki, dünən Elçin Mirzəbəyli baş verənlərlə bağlı prokurorluğa müraciət edib. O, ailəsinə məxsus mənzili sabiq deputat Əsabil Qasımovun qanunsuz sökdürdüyünü bildirib: "Bu şəkillərdə gördüyünüz mənzərə sabiq deputat Əsabil Qasımova məxsus "Pilot-16" şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 134 ünvanında yerləşən, ailə üzvlərimin və doğmalarımın payçı olduğu evdə törətdikləri əməllərin nümunəsidir. Hörmətli Baş prokurordan mülkiyyət hüquqlarımızın qorunmasına yardım göstərməsini xahiş edirəm".