Bu günlərdə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.
DiN- nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb. Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir. V.Süleymanovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Tezadlar.az qeyd edir ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Faktla bağlı araşdırma aparılır.
Təəssüflər olsun, uşaqların nəzarətsiz buraxılması bəzən belə bir ailə faciəsinə gətirib çıxarır.