Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayon İcra Hakimiyyətinin inzibati binasında və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Qurumdan Tezadlar.az-a verilən məlumata görə, növbəti maarifləndirmə tədbirləri isə Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Universitetində, həmçinin Yevlax regional miqrasiya idarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran regional mərkəzində təşkil edilib.
Tədbirlərdə rayon icra hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, işəgötürənlər, sahibkarlar həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Maarifləndirmə tədbirləri “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesində iştirakı”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət”, “Tənzimlənməyən miqrasiya və onun subyektləri” “Miqrasiya sahəsində qanunvericilik normaları və qarşılıqlı fəaliyyətin əhəmiyyəti” və “Regionlarda miqrasiya proseslərinin təşkili və onlara nəzarət mexanizmləri” mövzularına həsr olunub.
Tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyinin tətbiqi, tənzimlənməyən miqrasiya tədbirlərində müvafiq orqanlarla qarşılıqlı işin təşkili, ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması üçün Xidmətin rəsmi saytında yerləşdirilmiş müraciətlər haqqında məlumatlar verilib, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
R.XUDATQIZI