İyunun 23-də Dağıstanda sinaqoq və iki pravoslav kilsəsinə silahlı basqın edən 5 yaraqlının şəxsiyyəti müəyyənləşib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Cinayət əməllərinin qarşısının alınması zamanı cinayətin törədilməsində iştirak edən 5 nəfərin şəxsiyyəti müəyyən edilib”, - deyə idarədən bildirilib.
Cinayətkarların adları açıqlanmır.
Hücumla bağlı araşdırmanı Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsinin istintaq orqanları aparır.
Hücum edənlərin 15 hüquq-mühafizə orqanı əməkdaşının və 4 mülki şəxsin, o cümlədən bir pravoslav keşişinin ölümü ilə nəticələnən hərəkətləri terrorizm, qanunsuz silah əldə etmə və saxlama, odlu silah oğurluğu maddələri ilə cinayət kimi tövsif edilib.
Qeyd edək ki, bazar günü silahlılar Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər.
Respublikada dərhal antiterror əməliyyatı rejimi tətbiq olunub. Dağıstanın rəhbəri Sergey Melikov gecə yarısı əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsinin başa çatdığını elan edib, həmçinin altı yaraqlının məhv edildiyinə də aydınlıq gətirib.
Bu gün səhərə qədər Dağıstanda antiterror əməliyyatı tamamlanıb.
E.ŞİRİNOV