Dünyamalıyev İslam Teymur oğlu 25 iyun 2004-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Kürdəmir rayonunun Muradxan kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Dünyamalıyev İslam Teymur oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Sırxavənd kəndində şəhid olub.
Kürdəmir rayonu Muradxan kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən İslam Dünyamalıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Anası Dünyamalıyev Gülşən xanımın oğlu haqqında dedikləri:
-İslam balacalığından çox fərqli uşaq idi. Ailədə 2-ci və sonuncu övlad olsa da, mehriban, ailəcanlı, ata-ana qədri bilən idi. Atası dünyasını dəyişəndən sonra ailəyə bağlılığı daha da artmışdı. Qardaşı ilə məni çox sevirdi. Biz onun həm ailəsi, həm dostları, həm də hər şeyi idik. Əsgərliyi qurtarıb gəlməyə az qalmışdı. Amma mənfur ermənilərin törətdiyi terrorun qurbanı oldu. Onsuz yaşamaq bizim üçün çətindir.
Dünyamalıyev İslam Teymur oğlunun 25 iyun doğum günüdür.
Şəhid - yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxsdir.
Vətən şəhidlərin əmanətidir.
Cənnətdəki ad günün mübarək olsun, nur üzlü şəhidimiz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
NAHİDƏ