Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə dəyişikliklər paketini birinci oxunuşda dəstəkləyib.

Tezadlar.az xəbər verir ki, iclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsini 78 deputat 50 səs kvorumla dəstəkləyib. Parlamentarilər paketdə nəzərdə tutulan müxtəlif qanunlara dəyişiklikləri də dəstəkləyiblər. Müxalifətin əsas hissəsi qanun layihəsinin baxılmasında və səsvermədə iştirak etməyib, iclası boykot edib.

Dəyişikliklər həmçinin qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur. Cinsiyyət dəyişdirmə əməliyyatına qadağa tətbiq edilir, buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan ediləcək. LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcək.

Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətinin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılması fiziki şəxslər üçün 1 min lari (təxminən 355 dollar), hüquqi şəxslər üçün 3 min lari (1 min dollardan çox) məbləğində cərimə edilir. LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək. Cinayət məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili iyunun 4-də bildirib ki, parlament çoxluğu iyunda birinci oxunuşda qəbul edilməsi planlaşdırılan “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri paketinin təşəbbüskarı olacaq. İkinci və üçüncü payız sessiyası zamanı hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə konstitusiyasına müvafiq düzəlişlər etməyi planlaşdırır. Bununla belə, konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə səslərin dörddə üçü lazımdır ki, bu da “Gürcü arzusu”nda yoxdur. Ona görə də hakim partiya ilk növbədə sadə səs çoxluğu tələb edən adi qanunları qəbul etmək qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN