Türkiyənin sayılan, sevilən insanlarından biri, yüzlərlə insanın qəlbində taxt qurmuş Necati Bulunun dünyasını dəyişməsindən 40 gün ötdü. Onu sevənlərin qəlbinin ağrısı hələ köz tutmayıb.
İllər ötsə də onun mələk siması gözlər önündən getməyəcək.
Necati bəy kimi insanlar dünyada çox az olub. Onun bircə pis cəhətini də xatırlayan yoxdur. Ömrünü fədakar əməlləri, xeyirxah işləri, sonsuz sevgisi illər uzunu dillər əzbəri olacaq.
Öz ailəsini yüksək qayğı ilə qorumaqla yanaşı, tanıdığı hər bir kəsə olan ehtiramı, yardımı, yanğısı heç bir zaman unudulası deyil. Qəlblərə hərarət qatmış bu insanın ömrü zamanın çalarına öz mələk damğasını vurmuşdur. O, hər zaman öz ağır zəhməti ilə yaşamışdır. Onu bu dünyadan aparan əməliyyatın son gününədək vicdanla ailəsinə və vətəninə xidmət etmişdir.
Tanrının bəxş etdiyi hər şeyə şükürlə yanaşmış, dualarını əskik etməmişdir.
Sarsılmaz iradəsi onu həyatın bütün çətinliklərindən qorumuşdur. Mehriban, səmimi münasibətini heç kəsdən əskik etməmişdir. Hər zaman, hər yerdə böyük məhəbbət və hörmətlə qarşılanmış bu insanın ölümü hamını ağlatdı. Yəqin ki, onun cənnətdəki yeri çoxdan hazır idi. Onun ruhuna dualar oxumaq hamı üçün savabdır. İllər ötdükcə onun haqqında deyiləcək gözəl sözlərin sonu olmayacaq.
Allahın mərhəmətinə hər zaman inanmış Necati bəy ibadətlərini də əskik etməmişdir. Duaları təkcə ailəsi üçün deyil, hər kəs üçün olmuşdur.
Yer üzünü vəhşətdən qoruyan bu kimi simalar az olsa da, hər birinin dəyəri xarüqələr qədərdir. Dünya gözəl insanların sayəsində hələ dağılmayıb. Yaşayan hər kəs bacarığına və ağlına, arzusuna uyğun zaman keçirir. Təəssüf ki, bu yaşantılar hamısı xeyrə calanmır.
Necati bəyin qəlbindəkilərin aynası isə hamı üçün açıq idi. Bu aynada görünənlər ancaq açıq, təmiz, xeyirli düşüncələr, xoş arzular, kömək yanğısı olmuşdur.
Allah Necati bəyə rəhmət eləsin!
SƏNUBƏR