Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır.
Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə baş tutan görüşlərdə mövzu ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, reproduktiv sağlamlığın əsası uşaq və yeniyetməlik dövründə qoyulmalıdır. Reproduktiv sağlamlıq səviyyəsi insanın həyat tərzinə, ailədaxili münasibətlərinə, eləcə də əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Həmçinin sağlam həyat tərzinin erkən yaşdan təşviq edilməsinin, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin, müntəzəm surətdə tibbi müayinədən keçməyin əhəmiyyəti də vurğulanıb.
Görüşlərdə iştirakçılara mövzuya dair maarifləndirici materiallar da paylanılıb.
R.XUDATQIZI