“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Xaçmaz sahilində, Masallı rayonu Musaküçə, İsmayıllı rayonu Sumağallı və Füzuli rayonu Bala Bəhmənli kəndlərində, Kür çayının Sabirabad, Oğuz çayının Oğuz, Kürəkçayın Goranboy, Həkəri çayının Laçın rayonları ərazisindən keçən hissələrində, Mingəçevir şəhəri 20 Yanvar küçəsində, Lənkəran, Masallı və Şamaxı meşə ərazilərində təmizlik aksiyaları keçirilib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3.7 tondan çox tullantı yığılaraq ərazilərdən daşınıb.
Təmizlik aksiyaları ətraf mühitin qorunması və ictimai yerlərin təmiz saxlanılmasını təbliğ etmək, cəmiyyətin ətraf mühitə qarşı məsuliyyət hissini artırmaq və onları tullantıların düzgün idarə olunmasına təşviq etmək məqsədi daşıyır.
R.XUDATQIZI