Həm birinci, həm də ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının necə döyüşkən, mübariz, qəhrəman xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. I Qarabağ savaşçında xarici havadarlarının köməyilə erməni faşistləri torpaqlarımızın 20 faizə qədərini işğal etsələr də, ll Qarabağ savaşında qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın başçılığı altında ərazi bütövlüyümüzü böyük ölçüdə təmin etdi. Az sonra aparılan Antiterror əməliyyatları çərçivəsində isə itirilən torpaqlarımız tam şəkildə geri qaytarıldı.
“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinə uyğun olaraq, növbəti qəhrəmanımızın döyüş yolunu sizlərə təqdim edirik. Qarabağ müharibəsində qəhrəmanlığı, cəsurluğu ilə ad çıxardan, erməni vəhşilərinə qan udduran Azərbaycan oğullarından biri də əslən Laçın rayonundan olan İsgəndər Qasımovdur.
Qasımov İsgəndər Bəhman oğlu 12 may 1972-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olmuşdur. Orta məktəbin birinci sinfinə elə anadan olduğu Quşçu kənd məktəbində başlamış, səkkizinci sinfi bitirdikdən sonra Bakı şəhəri, A.S.Makarenko adına rus dili təmayüllü gimnaziyaya daxil olmuşdur. 1987-1989-cu illərdə həmin gimnaziyanı əla qiymətlərlə bitirmişdir.
Bundan sonra müstəqil həyatda ilk addımlarını atan İsgəndər arzularının ardınca Moskvaya yollanır. Həmin şəhərdə peşə məktəbinə daxil olur, 1990-cı ildə isə oranı bitirir. Bir müddət sonra Rusiyada ikinci vətəndaşlıq alır. 1990-1992-ci illərdə Rusiyanın Tver şəhərində həqiqi hərbi xidmət keçir.
Həmin dövrdə Azərbaycanda baş verən hadisələr bütün vətənpərvər soydaşlarımız kimi, onu da narahat edirdi. Nəhayət, günlərin birindəı vətənə dönmək haqqında qəti qərar verir və qayıdır anadan olduğu doğma Quşçu kəndinə. O ərəfələrdə Laçında ilk olaraq Özünümüdafiə Batalyonu, Laçının sərhədyanı kəndlərində də isə özünümüdafiə dəstələri yaradılmışdı. Bu mənada İsgəndər Qasımov vətəni qorumaq üçün silaha sarılıb düşmənə qarşı vuruşmağı özünə borc hesab edir. Bu istəklə Laçın batalyonunun tərkibində, Quşçu özünümüdafiə dəstəsinə könüllü olaraq yazılır və vətənin müdafiəsinə yollanır.
Vaxt ötdükcə Laçında vəziyyət ağırlaşırdı. Ermənilər Laçının sərhədyanı kəndləri boyunca atışmanı gündən-günə şiddətləndirirdi. Azğınlaşmış düşmən rus ordusunun köməyi ilə daha da qəddarlaşırdı. Ancaq ordumuzun və özünümüdafiə dəstələrinin cavab zərbəsi ilə düşmən susdurulurdu. Laçın Özünümüdafiə Batalyonu və kənd özünümüdafiə dəstələri ciddi müqavimət göztərsələr də, vəziyyət getdikcə çətinləşirdi.
İsgəndər Qasımov o günləri belə xatırlayır:“May ayının 16-sı eşitdik ki, Laçın ermənilər tərəfindən işğal edildi. Kəndimizdəki özünümüdafiə dəstəsindən axıra 10 nəfər qalmışdıq. May ayının 18-nə qədər qədər mərkəzdən dəqiq bir məlumat ala bilmədik. İşıq və telefon rabitəsi yox idi. Qərara gəldik ki, kəndi tərk edək. Düşdük Minkənd-Laçın yoluna. Yollar bom-boş idi, heç bir maşına da rast gəlinmirdi. Dəhşətli bir mənzərə ilə üz-üzə qalmışdıq. Kəndlərdə itlər ulaşırdı. Birdən iki maşının yolda Laçına doğru, yəni biz dayandığımız yerə tərəf hərəkət etdiyini gördük. Bu, az da olsa, bizi sevindirdi. Həmin maşınlardan biri “Qaz-53”, digəri isə “Qaz-66” markalı yük maşınları idi. Bizi görən kimi saxladılar. Mən xəstə idim. Hərə maşında bir yer tapıb mindi. Mən də “Qaz-66”-nın kabinasında Ağbulaqlı Əmir kişinin yanında oturdum. Məlum oldu ki, bu köç elə Əmir kişinindir. Bu minvalla biz Laçına gəldik. Elə Laçın şəhərinin aşağı hissəsindən mərkəzə doğru qalxırdıq ki, birdən bir velosipedçi qarşımıza çıxdı. Sonradan bildik ki, bu ermənidir. Bir az keçmişdi ki, atəş səsləri gəldi. Iki maşının ikisi də atəşə tutuldu. Əmir müəllim 1941-1945-ci illərin müharibəsində olduğundan böyük təcrübə sahibi idi. Vəziyyətin nə yerdə olduğunu vaxtında anladı və tez maşından düşdü, biz də onun ardınca. Bu zaman gördüm ki, Ələsgəri, Sabiri vurdular. Biz müdafiə olunmağa çalışırdıq. Mühasirəyə düşmüşdük və bu mühasirədən çıxmaq lazım idi. Yaxınlıqdakı xəndəyə düşəndə gördüm ki, Əmir müəllim vurulub. Kim ki, maşını tez tərk etmişdi, onların hərəsi bir tərəfə qaçırdı. Vurulan vuruldu, qalanları isə bizim kimi çay axını istiqamətində özlərini dərəyə atmışdılar. Sağ qalmaq üçün patronların azlığını nəzərə alıb dəqiq atəş açmaq və bu mühasirəni yarmaq lazım idi. Maşınların sürücüləri, Quşçudan olan Şirvan, Elman və mən bir yerdə idik. Biz gecə saat 11-ə qədər Laçın şəhərində çay qırağında gizləndik. Fikirləşdik ki, ancaq Qubadlıya doğru getsək, sağ qala və ordumuza yetişə bilərik. Bu baxımdan həmin istiqamətdə ancaq gecələr yol gedə bilirdik. Bütün kəndlər artıq işğal olunmuşdu. Ermənilər Azərbaycan dilində səslənirdilər ki, aldadıb bizi əsir götürsünlər. Belə qərar qəbul eləmişdik ki, əsir düşməkdənsə, ŞƏHİD olmaq daha yaxşıdır. Yeməyə çörək də yox idi. Malxələfi keçib Səfiyana yaxınlaşanda gördük ki, fermanın ağzı bağlıdır. Bildik ki, buraya hələ ermənilər gəlməyib. Yaxınlaşdığımız fermadan quru çörək, köhnə paltar, əlimizə başqa zəruri nə keçdisə götürüb, yolumuza davam elədik. 5 gün yol gedib, mayın 23-də gəlib çıxdıq Güləbirdə. Biz ancaq gecələr hərəkət edirdik. Nəhayət, cırıq paltarla, əyni-başı islanmış, ac, əldən düşmüş halda Güləbirdə çatdıq. Yenə də gözlərimizə inana bilmirdik ki, qarşıda duranlar bizimkilərdir. Gəldik, ehtiramla qarşıladılar və bizə dərhal nə lazımdırsa, yardım elədilər. Güləbirdin İcra nümayəndəsi Qaçay müəllim bizi qəbul elədi. Dövlətin yerli nümayəndəsi olduğu üçün silahları ona təhvil verdik və bundan sonra doğmalarımızdan məlumat almaq üçün Bakıya döndüm.
Ancaq ermənilərin bu zülmü məni çox narahat edirdi. Qisas almaq üçün tələsirdim. Ona görə də Moskvaya qayıdıb, nəyim var idisə hamısını satdım və yenidən vətənə döndüm”
İsgəndər Qasımov danışdıqca keçirdiyi həyəcan, stress açıq-aşkar sezilirdi. O daha sonra bunları dedi: “Qisas hissi məni rahat buraxmırdı. Odur ki, 1993-cü ildə döyüşmək üçün yenidən Laçın rayon Hərbi Komissarlığına müraciət elədim. O vaxtlar bizim “vaenkomat” Xətai Hərbi Komissarlığında yerləşirdi. Könüllü müraciət edənlərin sayı bir qədər az olduğuna görə bizi Xətai batalyonuna qəbul elədilər. Batalyonda xalam oğlu İlqarı və Cağazurlu Əbülfəzi də gördüm, görüşüb dərdləşdik. Bizi göndərdilər 706 saylı hərbi hissəyə. Bu hərbi hissə Goranboy və Tərtər istiqamətində vətəni qoruyurdu. Bir neçə gündən sonra döyüşlərə qatıldıq. Qisas gününün vaxtı gəlmişdi. Qanlı döyüşlər başladı. Çaylı, Talış, Ağdərə istiqamətində qızğın döyüşlər gedirdi. Erməni daşnakları bizim həmləmizə tab gətirə bilməyib, geri çəkilirdi. Hətta biz Papravənd istiqamətində də gərgin döyüşlərdə iştirak edirdik. 1993-cü ilin dekabrında böyük qüvvə ilə hücuma keçdik. Suqovuşan, Levanarx və Çardaxlı kəndləri ermənilərdən azad olundu. Ancaq sonra gözlənilmədən ermənilər əks hücuma keçdi. Xalam oğlu həmin döyüşdə ağır yaralandı. Mən xalam oğlunu çətinliklə də olsa, döyüş ərazisindən çıxara bildim. Onu dərhal hospitala gətirib yerləşdirdikdən sonra yenidən döyüşə qayıtdım. İçimizdəki təxribat və erməni-rus birliyi azad elədiyimiz torpaqların ermənilər tərəfindən yenidən işğalını gerçəkləşdirdi.”
Həmin dövrdə İsgəndər Qasımov ordudakı bəzi haqsızlıqlara dözə bilmir və Laçın Polisinə keçməyi qərarlaşdırır. Xatırladaq ki, o vaxtlar Laçın Polisinə Akif Səlimov rəhbərlik edirdi. Müsahibimiz qeyd edir ki, müraciət edən kimi, Akif müəllim onu polis nəfəri olaraq xidmətə qəbul edir.
Bundan sonra polis nəfəri kimi fəaliyyətini davam elətdirir. “Biz Füzuli-Cəbrayıl istiqamətində asayişə nəzarəıt edir və bəzən də döyüşlərə qatılırdıq. Bir müddətdən sonra, 1995-ci ilin martında yol polisinə keçdim, bir neçə ildən sonra isə təqaüdə göndərildim”- deyə İsgəndər bəy söyləyir.
Daha sonra Bakıya köçür və “Azəristiliktəchizat”ASC-də işə düzəlir. Bir müddət keçdikdən sonra isə həmin ASC-nin qəza-təmir idarəsinə rəis təyin olunur. 2010-cu ildə isə işdən çıxır, biznes fəaliyyətinə başlayır. Hal-hazırda isə “AZGRAFT CONSSTUCCİON” MMC-nin təsisçisi və rəhbəridir.
“Başda Ali Baş Komandan olmaqla Ordumuzun ZƏFƏRİ hər kəs kimi, məni də qürurlandırır. Mənim qisas arzularımı Azərbaycan Ordusu misli ilə yerinə yetirdi. İndi Qarabağ azaddır. Qarabağda qisas arzusu ilə yaşadığım bir nəfər belə düşmən yoxdur. Dəmir yumruq onları elə əzdi ki, bir daha ayağa qalxmağa cürətləri çatmaz. Cənab Prezidentimiz İlham Əliyevin Qarabağda quruculuq işlərinə başlaması, bizləri də hərəkətə gətirdi. Şirkətimiz Laçında aparılan abadlıq işlərinə cəlb olundu. Laçının su təsərrüfatını yenidən qurduq. Indi də bu quruculuq işlərimizi davam etdiririk. Qürür hissi ilə bildirirəm ki, nə yaxşı ki, abadlıq işlərinə biz də qoşulmuşuq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyi ilə sözlərimi yekunlaşdırıram”-deyə bildirir.
Qarabağ Azərbaycandır!
Subut Mehdiyev,
“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri