Cəmiyyətlərin mənəvi-əxlaqi sabitliyinin təmin edilməsində mühüm məqamlardan biri də dövlət-din münasibətlərinin məharətlə tənzimlənməsi, dövlətin diqqətli münasibəti və dindarların ehtiyaclarına qayğısıdır. Həm Rusiya Federasiyasında, həm də Azərbaycanda hamımız məhz bu yanaşmanın şahidiyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam ənənələrini dərin hörmətlə dəstəkləyir, multikulturalizm ideyalarını fəal müdafiə edir, islamofobiya təzahürlərinə qarşı çıxır.
Tezadlar.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada “Sülh yolu: dialoq ahəngdar birgəyaşayışın əsası kimi” mövzusunda keçirilən XX Beynəlxalq Müsəlman Forumunda çıxışında deyib. Şeyxülislam qeyd edib ki, MDB məkanında müsəlmanları tarixi qarşılıqlı hörmət ənənəsi, mehriban qonşuluq, müqəddəs dinimizə əsaslanan vahid mənəvi məkan birləşdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb: “Rusiyadakı müsəlmanlarla mənəvi əlaqələrimiz həmişə yüksək səviyyədə olub, biz qardaş Tatarıstanın və Rusiya Federasiyasının digər subyektlərinin dini liderləri ilə davamlı əlaqə saxlayırıq. Mərkəzi Asiya dövlətlərinin müsəlmanları ilə mənəvi əlaqələrimiz də buna nümunə ola bilər”.
A.Paşazadə qeyd edib ki, QMİ Rus Pravoslav Kilsəsi ilə ənənəvi dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlıq əlaqələri ilə bağlıdır. Onun sözlərinə görə, “bu mübarək fəaliyyətdə, şübhəsiz ki, Moskva və Bütün Rusiyanın patriarxı Kirilin böyük əməyi var.
Şeyxülislam əlavə edib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən və ölkənin tam suverenliyi təmin olunduqdan sonra işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı yenidən qurulması və infrastrukturun inkişafı, torpaqların minalardan təmizlənməsi, şəhər və kəndlərin dirçəldilməsi, ekosid, urbisid və vandalizmin nəticələrinə qarşı mübarizə, işğal zamanı dağıdılmış bütün dinlərə məxsus məbədlərin – məscidlər və pravoslav kilsələrinin bərpası işləri aparılır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesindən, bu kontekstdə Azərbaycanın qarşıya qoyduğu məqsəd və vəzifələrdən də danışıb.
Şeyxülislam çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının adından Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Həzrət Qaynutdinə 65 illik yubileyi münasibətilə təbrikləri çatdırıb və ona 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi qardaş dəstəyinə görə təşəkkürünü bildirib. QMİ-nin sədri yubilyara qiymətli hədiyyə - Qarabağ xalçası təqdim edib.
Moskva Kafedral məscidində “Sülh yolu: dialoq ahəngdar birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumu keçirilir. Tədbirdə 40 ölkədən qonaqlar iştirak edir. Azərbaycanı Allahşükür Paşazadə ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov təmsil edirlər.
R.XUDATQIZI