Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailəm könüllüləri” ilə görüşüb.
Görüşdə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vuranlarla yanaşı, proqrama yeni qoşulan gənclər də iştirak edib.
Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, könüllülük fəaliyyətinin dövlətin və cəmiyyətin ümumi inkişaf istiqamətlərinə, xüsusilə də gənclərin şəxsi inkişafına təsirinə diqqət çəkib.
Artıq 4 ildir ki, Komitə tərəfindən könüllülük proqramının həyata keçirildiyini vurğulayan sədr, ötən dövr ərzində 300-dən çox gəncin bu prosesdə iştirak etdiyini bildirib. Könüllülük proqramı çərçivəsində gənclərin bir çox layihələrin fəal iştirakçısına çevrildiyini bildirən B.Muradova, könüllülərin Komitənin fəaliyyət sferalarına uyğun olaraq özlərini inkişaf etdirdiklərini, müəyyən bacarıqlar qazandıqlarını və təcrübə müddətində praktiki iş vasitəsilə müəyyən səriştələrə yiyələndiklərini əlavə edib.
O, cəmiyyətin hər bir üzvünün toplum, cəmiyyət, xalq olaraq, vətəndaş məsuliyyəti ilə dövlətinə, onun qarşıda duran hədəflərinə cavabdeh olduğunu bildirib. Bu gün gənclərin imkanlarının daha geniş olduğunu vurğulayan B.Muradova, ölkəmizin mənafeyi, qarşısında duran hədəflər və maraqların hər birimizin ən üstün maraqları olduğunu qeyd edib. Əlavə edib ki, formalaşmış və müəyyən edilmiş siyasətlər, bu siyasətlərin reallaşdırılması üçün müxtəlif layihələr, proqramlar, fəaliyyət planları sayəsində həyatımızı idarə edir, ölkəmizə, xalqımıza töhfə verir, beynəlxalq proseslərin fəal aktoru kimi çıxış edirik. Könüllülərin bu proseslərin startında olduğunu söyləyən sədr, proqrama qatılan hər bir könüllünün öz sahəsində ölkəmizin inkişafına töhfə verəcəyini, beləcə Azərbaycan ailəsi üçün çalışan insanların sayının bir az da artacağını bildirib.
Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Dəniz Vəliyeva çıxış edərək, proqram çərçivəsində könüllülük fəaliyyətini başa vurmuş gənclərin fəaliyyəti haqqında, eyni zamanda yeni qoşulmuş iştirakçılar barədə məlumat veriblər.
Bildirilib ki, “Ailəm könüllüləri” mütəmadi olaraq Dövlət Komitəsinin fəaliyyətinə, ölkədə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən müxtəlif konfranslara digər könüllülərlə birgə cəlb olunaraq fəal iştirak edib.
Daha sonra könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclər təqdimatla çıxış edərək, proqram çərçivəsində fəaliyyətləri barədə geniş məlumat veriblər.
Tədbir zamanı könüllülük proqramına qoşulan tələbələr çıxış edərək, fikirlərini bölüşüblər. Onlar ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Görüş müzakirələrlə davam edib və sonda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.
R.XUDATQIZI