Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat – 2 qəsəbəsində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 250kv.m. olan avtomobil təmiri sexinin bir boksunda baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən digər bokslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksu 80kv.m. sahədə, içərisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin mühərrik və salon hissəsi qismən yanıb.
Avtomobil təmiri sexinin digər 2 boksu və “VAZ-2107” markalı minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
R.XUDATQIZI