İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavından yəhudi dövlətinə davam edən raket hücumlarına cavab olaraq son günlər Qəzza zolağı boyunca 100-dən çox hərbi hədəfə hücum edib və onlarla silahlı radikalı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
“HƏMAS terror təşkilatı həftə sonu Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyatın rəhbərlik etdiyi əməliyyatda İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 100-dən çox terrorçu hədəfə zərbələr endirib və onlarla HƏMAS terrorçusunu məhv edib”, - bəyanatda deyilir.
Bundan əlavə, İMQ İsrail ərazisini atəşə tutmaq üçün istifadə edilən “bir sıra buraxılış qurğularını vurub”, - mətbuat xidməti əlavə edib. Ordu qeyd edib ki, "zərbələrdən əvvəl mülki əhaliyə zərər vurmaq riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb".
Yanvarın 1-də Yəhudi Dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən atəşə tutulması davam edərsə, İsrail Qəzza zolağına “görünməmiş güc” zərbələri endirmək niyyətindədir.
E.ŞİRİNOV