Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində İsrailin hava hücumu nəticəsində həlak olub. Bununla da 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsində həlak olan mətbuat mənsublarının ümumi sayı 220-yə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanal Qəzzanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya istinadən bildirib ki, Hicazi həftə sonu İsrailin mühasirədə olan ərazilərə hücumları nəticəsində həlak olan 90-a yaxın fələstinli arasındadır.
Fələstin Jurnalistlər Birliyi yanvarın 5-də bildirib ki, İsrail ordusu ötən ay ərzində fələstinli jurnalistlərə qarşı 84 qanun pozuntusu və cinayət törədib. Bu hadisələrin əksəriyyəti Qəzza zolağında baş verib və orada on media işçisi həlak olub. Təşkilat qeyd edib ki, İsrail tərəfi jurnalistlərə qarşı müxtəlif zorakılıq və təzyiqlər, o cümlədən hədə-qorxu, silahla birbaşa hədələr, ədalətsiz təqiblər, maliyyə cərimələri və hərəkət məhdudiyyətləri tətbiq etməkdə davam edir.
E.ŞİRİNOV