Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısından 34 girovu azad etməyə razılaşıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı radikal təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir. Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq.
Yanvarın 5-də “Reuters” agentliyi HƏMAS sözçüsünə istinadən xəbər verir ki, hərəkat Qəzza zolağı ilə bağlı razılaşma çərçivəsində azad etməyə hazır olduqları 34 girovun adlarının siyahısını təsdiqləyib. Daha sonra İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, danışıqlar zamanı yəhudi dövləti HƏMAS-dan girovların müvafiq siyahısını almayıb.
2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında bir həftə müddətinə humanitar atəşkəs yaradılıb. Bu müddət ərzində İsrail tərəfinin məlumatına görə, onlar 110 girovu azad edə biliblər. Lakin dekabrın 1-də atəşkəs pozulub və Fələstin anklavında yenidən döyüşlər başlayıb. 2024-cü ildə Misir, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən məsləhətləşmələrin bir neçə raundundan sonra münaqişə tərəfləri sazişin parametrləri barədə razılığa gələ bilməyiblər.
Yanvarın 2-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, bu ölkədən nümayəndə heyəti HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün tezliklə Qətərə gedəcək. İsrail nümayəndələrinin iştirakı ilə dialoqun sonuncu raundu 2024-cü ilin sonunda Dohada baş tutub. Dekabrın 24-də onlar evə qayıdıblar.
E.ŞİRİNOV