Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 141 və 145 ünvanı ilə yanaşı, arxa tərəfi də həyət kimi saxlayıb: "2013-2015-ci illərdə 3 sənəd təsdiqlətmişəm. Həmin sənədlərə görə, bu ünvanlarda tikinti aparmağa icazə almışam. Mən 3 ünvandan birini tikə bilmərəm?

Mən Hacıbala Abutalıbovun yanında olanda soruşdum ki, Rasim Quliyev kimdi? Onun qoluna görə mənim işimi niyə saxlayıblar. O da dedi ki, ola bilməz. O dedi ki Rauf Pənahovdan sonra mən ona icazə vermişəm ki, öz nəzarətim altında sənədlərə imza atsın. Mənə bir nəfər desin ki, bu sənəd səhvdi, mən hər şeyi atıram kənara, təhvil verirəm. İndi mən qalmışam çarəsiz. Dilarə Əliyeva 141-də 18 mənzil olub. Dilarə Əliyeva 145-də isə cəmi iki mənzil almışam. Həmin yerdə bir bina inşa etdirəcəkdim, 4 bloklu. Hamısı bir layihə, bir sərəncamla inşa olunmalı idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib 4 sərəncam almışam. Mən bir dəfə Akif Abdullayevin işçisi Maarifin yanında oldum. Mənə dedi ki, Rasim Quliyevin sərəncamı işləri dolaşığa salıb. Axı, mənim Rasim Quliyevin sərəncamına ehtiyacım yox idi, mənim tikinti nişanım da var idi, tikintiyə sərəncam da. Maarifə dedim ki, mənə bu sənəd lazım deyil. Dedi lazımdır. Tikinti Şəhərsalma və Arxitektura İdarəsində Rəfail adlı şəxs dedi ki, sənin sənədlərin çoxdan hazırdır, niyə səni qoymurlar tikməyə?".

Prosesdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin hüquqşünası bildirib ki, 2018-ci ildə Şəhərsalma və Arxitektura İdarəsi BŞİH-dən alınıb. Rasim Quliyev də ondan sonra tikintiyə sərəncam imzalayıb.

Rasim Quliyev isə bildirib ki, həmin sərəncamı o hazırlanmayıb: "Sərəncam mənə qovluqda gətirilib. 2015-ci ildə "FF" firmasına tikintiyə icazə barədə sərəncam verilib. O vaxt həmin sərəncamı mən imzalamamışam. Mən bilmirəm mənim sərəncamıma nə ehtiyac var idi?".

Hüquqşünasın "Əgər ehtiyac yox idisə, niyə imzalayırdın?" sualına isə Rasim Quliyev cavab olaraq bildirib ki, sərəncam hazır vəziyyətdə imza üçün ona təqdim edilib: "Mənə təqdim ediblər, mən də imzalamışam. Mən Tikinti və Arxitektura İdarəsinin əməkdaşlarına etimad göstrmişəm".

Hakim bildirib ki, 2017-ci ildə Tikinti Məcəlləsinə dəyişiklik edilib: "Yeni məcəlləyə görə, tikintinin başlanması üçün sərəncam verilməlidir. Bunun isə "FF" firmasına heç bir aidiyyəti yoxdur. Çünki "FF" şirkəti 2013-cü ildə tikinti aparmaq üçün sərəncam alıb".

Bakı şəhər İcra Hakimiyyətinin hüquqşünası isə sərəncamın nəyə görə verildiyini Rasim Quliyevdən soruşmağı məsləhət görüb.

Şirkət rəhbəri Tamilla İbrahimova bildirib ki, Rasim Quliyevin sərəncamı tikinti üçün əhəmiyyətsiz olub: "Mənə kimin qol çəkməsinin nə dəxli var. Mənə sənəd lazımdır ki, mən də həmin sənədləri 2015-ci ildə almışam. Mənim Rasim Quliyevin sərəncamına heç bir ehtiyacım olmayıb, bu gün də yoxdur. Mən BŞİH-ə 2011-ci ildə müraciət etmişəm, 2012-ci ildə sərəncam almışam. Akif Abdullayevin işçisi Maarif adlı şəxs də sərəncamı gətirib verib mənə. Sərəncam verilmişdir ki, həmin ərazidə 4 bloklu bina tikilsin. Həmin vaxtdan sakinlər də küçələrdə qalıb. Yazıq deyilmi o sakinlər? Mən sərəncamı, tikinti nişanını alanda Rasim Quliyevi tanımamışam".

Şirkət rəhbəri bildirib ki, sərəncama görə, bina sakinlərini köçürməyi Bakı Şəhər İcra Hakimiyyəti tapşırıq verib: "Sərəncamda Mirzə İbrahimov və Dilarə Əliyeva küçələrindəki vətəndaşların köçürülməsi və binaların sökülməsi göstərilib. Amma indi imkan vermirlər. Mənə 2013-cü ildə verilən sərəncamda göstərilir ki, hər iki məhəllədə geoloji kəşfiyyat və tikinti aparılmasına icazə verilib. Tikinti aparmaq üçün bütün aidiyyəti qurumlardan icazə almışam. 30-dan artıq təşkilatdan rəy almışam. Ərazidə söküntü və tikinti işləri birbaşa "FF"şirkətinə həvalə olunmuşdu. Söküntü və köçürülmə üçün pulları köçürmə ilə deyil, nağd pul kimi BŞİH-in işçisi Zülfəliyə verirdim. Mən 40-dan artıq mənzil almışdım, digərlərini alırdım. Bir müddət sonra bizə dedilər ki, torpaq sahəsini başqa adama satıblar. Mən inanmadım. 70 mənzil almışam, 45-50 mənzil qalıb. Onu da alırdım saxladılar".

Şirkət rəhbəri bildirib ki, şirkət evləri almaqla paralel tikintiyə başlayıb: "Bizə xüsusi tikinti nişanı vermişdilər və mənə tikintiyə başlamağa icazə vermişdilər. Mən "Accesbank"a 4 milyon manat kredit ödəmişəm".

T.İbrahimova deyib ki, tikintinin 2014-cü ildə dayandırılmasının səbəbini bilməyib: "Məni tanıyanlar zəng vurub deyirdilər ki, Bakı Şəhər İcra Hakimiyyəti mənə satdığı yeri başqasına satıb. Sonra eşitdim ki, yeri "Yeni həyat" şirkətinə satmaq istəyiblər, şirkət almayıb. Mən 4 ildir camaata kirayə pulu ödəyirəm".

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN