Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciəti kiçik ixtisarla təqdim edirik:

"Cənab Prezident!

Biz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu olaraq sözdə yox, əməldə Azərbayvcanla yanaşı, digər türkdilli dövlətlərin tarixini, mədəniyyətini, ədəbiyyatını öz şəxsi vəsaitimizlə təbliğ etməkdəyik. Ulu öndər Heydər Əliyevin müqəddəs həyat və fəaliyyətini özündə əks etdirən 20-ə qədər, Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini özündə əks etdirən 18-ə qədər kitabı müxtəlif dillərə tərcümə etdirib, nəşr edib təmənnasız yaymışıq, paylamışıq. Bundan başqa Azərbaycan həqiqətlərini özündə əks edirən tarixi, elmi kitabları öz vəsaitimizlə tərcümə və nəşr etdirərək paylanılmasını təmin etmişik.

Xüsusilə vurğulamaq istəyirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 5 yanvar 2022-ci ildə imzaladığı tarixi sərəncamla 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı şair və alimlərimizin Şuşa haqqında yazdıqları əsərləri əlahiddə olaraq bir neçə dillə tərcümə və nəşr etdirərək müxtəlif təbəqələrdən olan insanlar arasında yaymışıq.

Çox mühüm bir tarixi məqama da toxunmaq istəyirəm. Belə ki, 2008 ci ildə Dünyaşöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun, 2009-cu ildə isə Qırğızıstan Parlamentinin birinci vitse spikerinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini məhz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu təşkil etmiş və Cənab Prezidednt Sizin, tərəfinizdən qəbul edilərək xoş təəsüratlarla yadda qalmışdı. Bundan başqa SSRİ xalq artisti, SSRİ Dövlət müküfatı laureatı Bolot Şəmşiyevin başçılıq etdiyi nümayəndə heyətinin səfərini də Azərbaycana məhz biz təşkil etmişdik.

Öz vəsaitimizlə ulu öndər Heydər Əliyevin və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və fəaliyyətini özündə əks etdirən “İki dahi şəxsiyyət...” adlı sənədli film çəkdirmişik. Vaqif Mustafayevin müəllifi olduğu “Xoca” filmini qırğız dilinə tərcümə etdirib dublyaj etdirmişik. Qənirə Paşayevanın müəllifi olduğu “Ruhum Qarabağdandır” bədii kompozisiyasını qırğız dilinə tərcümə etdirib, dublyaj edib tamaşaçıların ixtiyarına vermişik. Bədii kompozisiya yotube kanalına yüklənib. Leyla xanım Əliyevanın “İssık Kul” şeirini 10 dan çox dillərə tərcümə etdirib professor Abbasqulu Nəcəfzadəyə sifariş edib mahnı bəstələtmişik. Bu gün 20-ə yaxın tanınmış müğənni həmin mahnını öz dillərində ifa edirlər. Bişkek və İssık Kulda “İssık Kul-türkün inci dünyası” adlı bir mahnının festivalını da keçirməyi nəzərdə tuturuq.

Onu da qeyd edək ki, fondumuzun təqdimatı əsasında mahnı qırğız dilində Gülzinat Surançiyevanın ifasında Qırğızıstan Teleradio Kompaniyasının “Qızıl Fonduna” daxil edilib.

2008 ci ildə ulu öndər Heydər Əliyevin 85 illiyi, Mir Cəlalın 100 illiyi ilə əlaqədar Çingiz Aytmatovun iştirakı ilə Bişkekdə keçirdiyimiz 2 günlük möhtəşəm tədbir Qırğızıstanın mədəni həyatında dərin izlər buraxmışdı.

AMEA Tarix İnstitutunun alimlər qrupu tərəfindən yazılmış, ingilis və rus dillərində nəşr etdirdiyimiz "Исторические факты о деяниях армян на Азербайджанской земле" kitabına görə Ermənistan XİN Qırğızıstan XİNə nota vermişdi. 2015 ci ildə Adil Əliyevin ideya müəllifi olduğu “Erməni soyqırımı mifi” kitabını qırğız dilinə tərcümə etdirib nəşr etdik. Həmin kitaba görə qalxan qalmaqalın nəticəsində Bişkekdəki Ermənistanın fəxri konsulluğunun akreditasiyası ləğv edildi və bayraqları endirildi.

Professor Şirməmməd Hüseynovun təqdimatında “Azərbaycanda MİLLİ hərəkat” kitabı tərəfimizdən bir neçə dilə tərcümə edilir.

Bütün bunlarla yanaşı, Qırğız dilinə tərcümə etdirdiyimiz bir neçə kitabın Audio- variantını da yaradıb elektron portalımıza yükləmişik. Bu qəbildən olan işlərimizə Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl", Xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin "Gülüstan" poemalarını və eyni zamanda “Azərbaycan şairlərinin şeirlərini”, "Çingiz Aytmatov: mən Manasın oğluyam" məqalələr toplusu kimi fəaliyyətimizi göstərə bilərik.

Bu günə kimi türk dövlətlərinin müəlliflərinə məxsus 135 dən çox kitabları müxtəlif dillərə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Düşünmüşük ki, bu fəaliyyətimiz dövlətimizin başçısının bizə verdiyi tövsiyəyə əsaslanır və Azərbaycan reallıqlarını dünyaya çatdırmaqda, dövlətlərimiz arasında münasibətləri daha da gücləndirilməsində mühüm rol oynayacaq.

Cənab Prezident, Azərbaycanın Qırğızıstandakı əvvəlki səfiri Hidayət Orucov 9 il ərzində mənim başıma açmadığı oyun qalmadı.

Təzə səfir gəldi, sevindik. Onu da nəzərinizə çatdırım ki, təzə səfir fəaliyyətinə başlayandan sonra məni heç bir tədbirinə dəvət etməyib, (Tədbirində iştirak etmək marağında da olmamışam, “Nə şeytanı gör, nə də salavatını çevir” bu prinsiplə onunla münasibət murmaq istəmişəm) heç vaxt onunla görüşməmişəm, bu günə kimi haqqında haradasa pis söz işlətməmişəm, əksinə, demişəm ki nə yaxşı Qırğızıstana Azərbaycandan həqiqi diplomat təyin edilib. Aprel ayının 22 də Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçiriləcək. Həmin qurultaya Diasporla iş üzrə Dövlət Komitəsi məni də dəvət etmişdi. Komitədən göndərilən bütün sənədləri doldurub müvafiq qaydada Komitəyə göndərdim.

Aprelin 6-da Diasporla iş üzrə Dövlət Komitəsindən xəbər verdilər ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov AR XİN üzərindən Prezident Administarsiyasına məktub ünvanlayıb. Səfir məktubunda göstərib ki, məni Qurultay iştirakçılığından ləğv etsinlər. AR Prezident Administrasiyasına Diasporla iş üzrə Dövlət Komitəsindən ünvanlanan qurultay iştirakçıları siyahısından mənim adımı qırmızılayaraq diasporada gördüyüm bütün işləri sıfıra endirməyə çalışırlar. Məncə, bu, dövlətimizə, dövlətçiliyimizə, Prezidentimizə qarşı deməkdir. Əgər onlar dövlətimizə qarşı olduqlarını boyunlarına alsalar, onlarla açıq mübarizə aparmağa hazıram. Çünki biz ermənilərlə açıq müstəvidə mübarizə aparırıq. Məni tanımadığı halda, görəsən, bu səfir məndən nə istəyir? Xahiş edirəm, növbəti skandal başlamamış bu işdə mənə kömək olasınız. Qurultayda iştirakımı bərpa etmənizi sizdən xahiş edirəm. Bizim də Müzəffər Ali Baş Komandan İlham Əliyevin 5 yanvar 2022-ci ildə imzaladığı tarixi sərəncamla 2022-ci ilin “Şuşa ili”nə töhfəmiz var. Bizim töhfəmiz, cənab Prezident, Sizə, əlahiddə tərcümə etdirib nəşr etdirdiyimiz Əlimuxtar Muxtarovun yazdığı “Qarabağ Azərbaycandir Nidasindan Şuşa İlinə!” (Azərbaycan, türk, özbək, qırğız və rus dillərində), Vaqif Aslanın “Şuşadakı Duyğular” (Azərbaycan, türk və özbək) dillərində), YAP fəali Aygül Bağırovanın “Qalib sərkərdə” (Azərbaycan dilində) və başqaları. Həmin kitabları Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V qurultayında şəxsən Sizə təqdim etmək arzusundaydım. Bəlkə də mənə qarşı düşmənçilik elə bi səbəbdən qaynaqlarır?!

Xahiş edirəm, mənim bu müraciətimi araşdırılması üçün PREZİDENT YANINDA XÜSÜSİ XİDMƏT ORQANLARINA HƏVALƏ EDƏSİNİZ. ÇÜNKİ BAŞQALARININ “KİMİNSƏ XATİRİNƏ” PRİNSİPİ İLƏ İŞLƏDİKLƏRİNƏ GÖRƏ SƏMİMİYYƏTİNƏ, OBYEKTİVLİYİNƏ İNANMIM YOXDUR! ÖZ NÖVBƏMDƏ, LAZIM GƏLƏRSƏ, BÜTÜN SUALLARI CAVABLANDIRMAĞA HAZIRAM".

 Müraciətlə əlaqədar maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN