Redaksiyamıza Ucar rayon sakini Raqif Şirinovun Prezident İlham Əliyevə ünvanlı müraciəti daxil olub.

Müraciət müəllifi yazır ki, "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin  müdiri Fərhad Heydərov dövlət  vəsaitini talan etsə də, ona gözün üstə qaşın var deyən yoxdur: ""Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Köçəri Həsənovla yaxınlığı olduğu üçün 67 yaşlı Fərhad Heydərov əmək müqaviləsi ilə işləyir. Hansı ki, o, bu sahənin mütəxəssisi deyil. Ancaq onda dövlət əmlakını talan etmək məharəti çox güclüdür. Ona görə də yaşı 67 olsa da, Fərhad Heydərov Şamaxı Sukanal İdarəsinin müdiri vəzifəsindən azad edilərək "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin  müdiri vəzifəsinə gətirilib.

Bundan sonra avtomobillərə ayrılmış yanacaqlar saxta aktlarla satılmağa başlanıldı, 20 metr su borusu dəyişdirildiyi halda, aktda 2000 metr kimi qeyd edilməyə başlanıldı. Bahalı elektrik mühərrikləri satıldı, ehtiyat hissələri almaq adı ilə pullar silindi. Yeraltı su boruları yararlı olduğu halda, çıxarılaraq satılmağa başlanıldı.

Talançılığının sayı-hesabı olmayan Fərhad Heydərovun şəxsi biznesi və əmlaklarının dəyəri milyonlarla manatdır. Bakı şəhərində çoxlu sayda mənzillərə, Şamaxı rayonunda bahalı villalara, ticarət obyektlərinə, avtosalona, şadlıq sarayına, balıq yetişdirmə gölünə, iri və xırdabuynuzlu heyvan fermalarına sahib olan Fərhad Heydərov məsuliyyətə cəlb edilmək əvəzinə, onun vəzifəsi daha da yüksəlmişdir. Hətta Şamaxı rayonunda dəyəri bir milyon manatdan çox  olan istirahət mərkəzi də inşa etdirmişdir.

Fərhad Heydərov "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin  həyətindəki qiymətli ağacları bir neçə gün əvvəl kütləvi şəkildə qanunsuz olaraq kəsdirib məhv etmişdir.

Ucar və Zərdab Sukanal İdarələrində müdirlərə məcburi şəkildə tələbnamə yazdırıb və bir neçə ştatı işçilərin razılığı olmadan qanunsuz ləğv etdirmişdir. Həmin ştatda uzun illər nöqsansız işləyən şəxslərə təzyiqlər göstərir. Məqsəd onlardan pul almaqdır. "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinə 6 rayon (Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan) sukanal idarələri və Külüllü su mənbəyi  tabedir. 2 №-li Regional Sukanal İdarəsi Ucar rayonunda yerlışir. Hər bir idarə rəhbəri ona aylıq haqq verir. Ona görədir ki, Zərdab Sukanal İdarəsinin saxta diplomlu müdiri Romiq Nəcəfov yararlı artezian qurğularını belə, doğratdırıb metal kimi satdırır (Romiq Nəcəfovun qanunsuz fəaliyyəti  barədə geniş məlumatı növbəti yazımda təqdim edəcəm).

 Fərhad Heydərovun göstərişi əsasında "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin  tabeliyində olan rayonların Sukanal İdarələri yerlərdə sahibkarlara qeydiyyata alınmadan qanunsuz su xətləri çəkib onlardan aylıq hesab alırlar. Bununla da dövlət külli miqdarda pul itirir, ancaq Fərhad Heydərov belə yollarla yüksək kapital əldə edir.

Mən mətbuat vasitəsilə prezident cənab İlham Əliyevdən xahiş edirəm, dövlət əmlakına qənim kəsilən F.Heydərov barəsində ciddi tədbirlər görülsün".

Məsələ ilə bağlı "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsindən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, müraciətdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN