Rəsmi qurumları aldadaraq dövlət sənədlərinin saxtalaşdırılmasına nail olan Sığdaş kənd bələdiyyəsinin sədri Əhliman Əliyev barədə həm Ədliyyə Nazirliyi, Baş prokurorluq, həm də Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ciddi tədbir görüləcəyinə inanırıq...

(Əvvəli II yazıda)

Zeynal kişi və qardaşları yalnız onda duyuq düşürlər ki, bəs Əhliman Əliyev onların adından dövlət qrumlarını saxtakarlığa imza atmağa məcbur edib. Adı çəkilən qurumdan Zeynal Nəhmətova göndərilmiş məktuba nəzər salaq:

“Hörmətli, Zeynal Nəhmətov!

Masallı rayonu Sığdaş kəndi ərazisində yerləşən JN-161, JN-162 və JN-163 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları ilə sizin və qardaşlarınızın mülkiyyətinə verilmiş torpaq sahələrinin, torpaqların elektron kadastrı uçotu informasiya sistemində naturaya uyğun düzəliş edilməsi ilə bağlı 05.01.2022-ci il tarixli müraciətinizə “Kadastr və Yer Quruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Masallı rayonunda dürüstləşmə aparılan zaman Sığdaş bələdiyyə sədrinin və ərazi nümayəndəsinin iştirakı ilə sözü gedən torpaq sahələrində uyğunsuzluqlar aradan qaldırılmış və faktiki istifadə vəziyyətinə uyğun torpaqların elektron kadastrı uçotu informasiya sistemində öz əksini tapmışdır”.

Məktubu direktor vəzifəsini icra edən, direktor müavini Natiq Məlikov imzalayıb.

Deməli, Əhliman Əliyev saxta məktubu ilə “Kadastr və Yer Quruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunu əvəz edən, direktor müavini, hörmətli Natiq Məlikovu da öz saxtakarlığına qoşaraq, cinayətə sürükləyib. Qanunsuzluğun və saxtakarlığın həddinə baxın ki, vətəndaşın xəbəri olmadan onun torpağının yeri dəyişdirilir və bu barədə elektron kadastrı uçotu informasiya sistemində belə dəyişiklik edilməsinə Əhliman Əliyev nail olmuşdur. Dövlət sənədinin bu yolla saxtalaşdırılması birbaşa cinayət məsuliyyəti yaradır. Yəqin ki, bu barədə Baş prokurorluq mütləq maraqlanacaq və ciddi tədbir görüləcək.

***

Yuxarıda qeyd etdik ki, 05.01.2022-ci ildə Zeynal Nəhmətovun adından Əmlak Məsələləri Dövlət Xidmətinə məktub göndərəndən 9 gün sonra 14.01.2022-ci ildə saxta akt tərtib edərək, bu quruma göndərmişdir ki, saxtakarlıq bilinməsin. Yəni icra nümayəndəsi, bələdiyyə sədri və Cəlilabad RTİ-nin sahə rəisi də şikayətçinin torpaq sahəsində olub, faktı da təsdiq ediblər.

Qeyd etdiyimiz məktub Zeynal Nəhmətovun adına gələndən sonra aləm dəyib bir-birinə. Yazıq Zeynal kişi və qardaşları çaş-baş qalıblar ki, bu, nə oyundur? Axı biz heç yerə məktub yazmamışıq, heç bir məktuba imza atmamışıq. Bəli, məlum olub ki, bütün bu hoqqabazlığın başında Əhliman Əliyev dayanıb. Ona görə də Zeynal Nəhmətov və qardaşları bu saxtakarlığın qarşısının alınması və dövlət sənədlərini saxtalaşdırmağa qol qoyan bələdiyyə sədri Əhliman Əliyevin cəzalandırılması məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə və Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova şikayət məktubları və teleqramlar göndəriblər. Eyni zamanda Masallı rayon Prokurorluğuna da rəsmi ərizə ilə müraciət ediblər ki, onların qanuni torpaqlarını saxta məktubla əllərindən alınmasına və Dövlət sənədlərinin saxtalaşdırılmasına səbəb olan bələdiyyə sədri Əhliman Əliyev haqqında ciddi tədbir görülsün.

Zeynal Nəhmətovun və qardaşlarının bu saxtakarlığın qaşısının alınması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 29.03.2022-ci il tarixdə ünvanladıqları məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Bildirirəm ki, ünvanıma gələn məktubdan bəlli olur ki, mənim və qardaşlarımın istifadə etdikləri bəlli pay torpaqları guya yazdığım ərizəyə əsasən elektron uçot xəritəsində istəyimə uyğun olaraq dəyişdirilmişdir. Dərhal məktubla birgə Cəlilabad rayonundakı kadastr idarəsinə getdim. Aydın oldu ki, həqiqətən əvvəlki istifadə yerlərimiz dəyişdirilmişdir. Hətta adımdan yazılmış ərizə və tərtib olunmuş aktın sürətini də mənə verdilər (əlavə edirəm, mübahisəsi sonraya qalmış hələ nə qədər xəbərsiz adamlar var). Mənim adımdan ərizənin kim tərəfindən yazıldığını maraqlandım. Masallı rayon Sığdaş kənd bələdiyyə sədri Əliyev Əhlimanın bu işin təşkilatçısı olduğu deyildi. Haqqımda idarə və təşkilatlara yazılan şikayət məktublarından da mənə bu işin Əhliman tərəfindən edildiyi məlum idi.

Bildirirəm ki, adımdan yazılan ərizə saxtadır, imza da mənim deyil. Axı mən öz münbit torpaq sahəmdə yerimdən nəyə görə imtina edib, hansısa yararsız olan yeri istəməliyəm? Mən Əmlak İdarəsinə heç bir ərizə yazmamışam. Mənim münbit sahəmi əldə etməkdə bələdiyyə sədrinin məqsədi həmin yeri baha qiymətə başqasına satmaqdır.

Tərtib edilmiş akt da saxtadır, əsassızdır. Rayonda harınlamış Əhliman Əliyevin özbaşınalığına son qoymaq müəyyən səbəblərdən mümkün deyil. Odur ki, sizə müraciət etməli oldum. Dəfələrlə ünvanınıza yazılmış ərizələr tədbir görülmək üçün Masallı rayon İcra Hakimiyyətinə göndərilsə də, orada Əhlimana “xidmət” edənlər tərəfindən tədbirsiz qalmışdır. Ə.Əliyevin Dövlət sənədlərinin saxtalaşdırılması barədə ciddi tədbir görülməsi və onun cəzalandırılması üçün göstəriş verməyinizi xahiş edirəm”.

Bütün bunlar bir daha göstərir ki, Masallıda Əhliman Əliyev adında bir kabus dolaşır. Bu kabus Xanalion və Sığdaş kənd sakinlərinin başları üzərində dolaşır və bu səbəbdən əkin-biçinlə məşğul olmaq əvəzinə, yedikləri, içdikləri harama dönüb. Hələ Əhliman Əliyevin adından ərizə yazılıb, torpaqları dəyişdirilən Zeynal Nəhmətov və qardaşları üzə çıxıb. Yəqin ki, digər sakinlərin adına da Əmlak Məsələləri Dövlət Xidmətindən torpaqlarının yerlərinin dəyişdirilməsi haqqında məktub gələndə məlum olacaq ki, Əhliman Əliyev kabusu necə böyük bir təsir qüvvəsinə malikdir. Biz də inanırıq ki, kənd sakinlərini əkin-biçinlə məşğul olub, halal çörək qazanmaqlarına, ərzaq bolluğu yaratmaqlarına maneçilik törədən və rəsmi qurumları aldadaraq dövlət sənədlərinin saxtalaşdırılmasına nail olan Sığdaş kənd bələdiyyəsinin sədri Əhliman Əliyev barədə həm Ədliyyə Nazirliyi, Baş prokurorluq, həm də Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ciddi tədbir görüləcək.

Mövzunu gündəmdə saxlayacağıq.

Hazırladı:

Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN