Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı təşkil olunur.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
-oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Maksimum 100 bal toplamaq mümkündür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 20 min 555 (Bakıda 13 min 677, Sumqayıtda 755, Abşeronda 723, Naxçıvanda 46, Gəncədə 1383, Şəmkirdə 96, Tovuzda 189, Mingəçevirdə 186, Yevlaxda 121, Şəkidə 132, Zaqatalada 302, Balakəndə 242, Qəbələdə 204, Qaxda 169, Bərdədə 241, Göyçayda 227, Şirvanda 339, Lənkəranda 354, Qubada 224, Qusarda 473, Xaçmazda 482) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 190 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.
E.ŞİRİNOV