AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Təşkilatı 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə və urbanizasiya” adlı dəyirmi masa keçirib.
Science.gov.az-a istinadən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev respublikada güclü ailələrin formalaşmasından, onların həyat şəraitlərinin yaxşılaşdırılması yönündə dövlət tərəfindən aparılan uğurlu siyasətdən, həmçinin ailə dəyərlərinin qorunmasında gender bərabərliyindən danışıb. Ailədə və cəmiyyətdə qadının rolundan da ətraflı danışan baş direktor ailənin inkişafı ilə yanaşı, onların ictimai həyatda, elmi fəaliyyətdə mühüm yer tutduqlarını da diqqətə çatdırıb. Professor M.Əliyev ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ailəsinin cəmiyyət üçün bir örnək olduğunu vurğulayıb.
Tədbirdə çıxışı zamanı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Azərbaycan ailə modelinə diqqət çəkərək bu dəyərlərin əsrlərdən bəri qorunub saxlanılmasını, toxunulmazlığını bildirib.
Sonra AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadənin mövzu ətrafında məruzəsi dinlənilib, həmçinin qadın alim olmağın faydalarından söz açıb.
Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Sabir Ağayev “BMT tərəfindən 15 may – Beynəlxalq Ailə Gününün təsis olunması haqqında” slaydlı təqdimatla çıxış edib. Vurğulanıb ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlanaraq 15 may hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan isə bu ənənəyə 2008-ci ildən qoşulub. Çıxışçı, həmçinin günümüzdə ailə institutunun formalaşması və inkişafında 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını qeyd edib.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, dosent İradə Zərqanayevanın “İslamda ailə dəyərləri”, həmçinin institutun Müasir fəlsəfə problemləri şöbəsinin böyük elmi işçisi, dosent Nəzakət Salmanovanın “Ailənin inkişafında dəyərlərin rolu və inkişaf xüsusiyyətləri”, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Qloballaşma şəraitində Azərbaycan ailə dəyərlərinin qorunması” mövzularında çıxışları dinlənilib.
Tədbirin təşkilatçıları MEK Qadınlar Təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Lalə Mövsümova mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir zamanı ölkəmizdə ailə siyasətinin banisi olan Ümummilli Lider Heydər Əliyevin ailəyə verdiyi dəyər, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlərdən bəhs edən “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda videoçarx nümayiş olunub.
E.ŞİRİNOV