Son vaxtlar "“Azərlotereya” ASC-nin ani "Poz, qazan" lotereya oyunu, belə demək mümkünsə, artıq bəziləri adamlarda “patı” bəlası kimi asılılıq yaradıb.
Yeni lotereya növü olan “Poz, qazan”ın Bakıda son bir ayda yüzlərlə satış nöqtəsi təşkil olunub. Demək olar ki, bütün metro çıxışlarının qarşısında, avtobus dayanacaqlarında bir neçə satış nöqtəsi var.
Paytaxtda və bölgələrdə istənilən belə məntəqələrin qarşısında yaşı 7-dən 77-ə olan insanlar olmaqla, əməlli-başlı növbələr görmək mümkündür. Növbədəkilərin əksəriyyəti orta yaşlı kişilər, hətta qadınlardır. Bu insanlar ümid edirlər ki, bu yolla “ani” olaraq bir gün varlanacaqlar.
Bəs görəsən, insanlar bu ani lotereyadan həqiqətən pul qazana bilirlər? Və bu oyun indiyədək kimisə xoşbəxt edibmi?..
Tanınmış psixoloq Fərqanə Mehmanqızının fikrincə, bu kimi oyunlar insan psixologiyasına çox pis təsir edir: “Çox təəssüf ki, “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz, qazan” qumarı gedir”.
Psixoloqun sözlərinə görə, "Poz, qazan" kimi qumar oyunlarına aludəçiliklər gələcəkdə daha böyük faciələrə səbəb ola bilər: “Adətən, insanlar bu cür sərbəst oyunların pərəstişkarı olurlar. Deyərdim ki, “Poz, qazan” kimi oyunlar, ümumiyyətlə, qumarın bir növüdür. Bu cür qumar effekti olan oyunların təbliğatı ölkəmizdə çox sürətlə aparılır. Təlqinə meyilli, psixologiyası zəif insanlar bu kimi oyunların piarına daha tez uyur və daha tez aludə olurlar. Yəni, bu cür insanları cəlb etmək daha asandır. Ona görə də bu oyunlar həm maddi, həm də psixoloji cəhətdən insanların həm özünə, həm də ailəsinə zərər vurur. Buna görə də bu cür qumar oyunlarının qarşısı təcili şəkildə alınmalıdır. Çünki belə oyunlar ailədaxili aqressiya yaradır, insanların özündə aqressiv hallar, natamamlıq kompleksinə gətirib çıxarır. Hətta, davranış pozuntusuna, psixoloji ruh hallına səbəb olur”.
F.Mehmanqızının sözlərinə görə, bu oyunlara aludə olan insanlar belə vərdişlərindən əl çəkə bilmir və nəticədə həmin şəxsin maddi durumu daha da çətinləşir: “Təsəvvür edin ki, bu oyunlara meyilli olan insanlar ora gərəksiz pullar tökür. Qeyd edim ki, bu aludəçiliyin qarşısını almaq da çox çətin olur. Ona görə də ailələrdə problemlər yaranır. Heç xoşuma gəlməyən, gördüyüm və bəyənmədiyim bir şey uşaqların da bu oyunlara cəlb edilmələridir. Çox təəssüf ki, belə bir təhlükə ilə üz-üzəyik. Bu, heç də yaxşı hal deyil. Çünki əvvəlcə bu cür oyunlar uşaqlara adi gəlir. "Poz, qazan" kimi qumar oyunları da uşaqlara adi gəldiyi üçün gələcəkdə onlar böyük oyunlara, kazinolara meyilli olacaqlar. Biz həmişə uşaqlarımıza təlqin etməliyik ki, havayı heç nə yoxdur. Həyatda hər şeyi özün qazanmalısan, əldə etməlisən, zehin və fiziki əməyinin gücü ilə həyatda qalib gəlməlisən. “Poz, qazan”, “Topaz” kimi qumar oyunları insanları daha rahat nələrisə əldə etməyə meyilli edir ki, bu da doğru hal deyil”.
Psixolq son zamanlar bu oyunlara qadınların da meyilləndiyini bildirib: “Təəssüf ki, son zamanlar qadınların da “Topaz”, “Poz, qazan” stendləri qarşısında yığışdığının şahidi oluruq. Əslində, bu, fəlakətdir, faciədir. Başqa bir vaxtlar qadın kişini bundan yayındırırdı, indi isə qadınlar da bu işlə məşğul olurlar. Bu, həqiqətən daha böyük faciələrdən xəbər verir. Bu da o deməkdir ki, gizli olaraq “Poz, qazan”ın piarı o qədər güclü gedir ki, artıq psixo-həssas insanlar buna maraq göstərirlər. Nəzərə alaq ki, bu oyunlara maddi durumu aşağı olanlar meyil edir. İnsanlar ərzağa verməli olduğu pulları “Poz, qazan” kimi oyunlara sərf edirlər ki, bu da boş yerə xərclənən vəsaitlərdir. Onlar həmin pulları övladlarının təhsilinə, qidaya versələr daha yaxşı olar. Əgər bunu etmirlərsə, gələcəkdə belə aludəçiliklər daha da böyük faciələrə yol açacaq”.
Hər gün yolumuzun üstündə olan bu oyunun oynanıldığı yerlərdən keçərkən müşahidə edirik ki, ani lotereyadan varlanmağı düşünən insanlar ciblərində olan son manatı da orada qoyub gedirlər. Çox təəssüf...
E.ŞİRİNOV