22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir. Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Bütün canlılar üçün ortaq gələcək qurmaq”dır.
1992-ci ildə Keniyanın paytaxtı Nayrobidə əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub. Konvensiya dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə yaradılıb.
Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti respublika ərazisində və Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurumdur.
Ölkəmizin bioloji müxtəlifliyi
Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir.
Respublikamız üçüncü dövrə aid olan relikt (qədim bitkilər) cinslərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Belə bitkilərə dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və sair misal göstərmək olar.
Ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizə qədərini təşkil edir.
Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onlardan 618 növü onurğalı heyvanlar, o cümlədən 97 növü məməlilərdir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.
Xəzərin ən qiymətli varlığı – planetimizin ən qədim canlılarından olan və təkamülü 300 milyon il təşkil edən nərə balıqlarıdır. Onlar 65 milyon il əvvəl yaşayan dinozavrlardan da qədimdirlər. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80 faizi cəmləşib. Dənizin hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə.
Xəzər dənizində nərəkimilərin ehtiyatı son 15-20 ildə kəskin azalıb. Belə ki, nərəkimilərin ehtiyatı keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələrdə nərə balıqları kommersiya məqsədilə ovlanmır. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir. Son 10-15 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində nərə balıq ehtiyatlarının artırılması ilə məşğul olan 3 nərə balıqartırma müəssisəsində süni üsulla alınmış və yetkin yaşadək böyüdülmüş ana-törədici balıq fondları yaradılıb. Nərə balıq ehtiyatlarının qorunub saxlanılmasına yönəldilmiş tədbirlər çərçivəsində bu nərə balıqartırma zavodları tərəfindən Kür çayının Xəzər dənizinə düşən aşağı axarına hər il nərəcinsli balıq körpələri buraxılır.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri
Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə - milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları daxildir. Respublikamızda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir.
İşğaldan azad olunmuş torpaqlarımızda 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Onlardan ikisi dövlət təbiət qoruğudur - Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır - Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.
Bununla yanaşı, planlaşdırılan işlər çərçivəsində ölkədə ilk olaraq seçiləcək palçıq vulkanlarından ibarət geopark statuslu xüsusi mühafizə olunan təbiət ərazisi kateqoriyası formalaşdırılacaq. UNESCO-nun “Qlobal Geopark Şəbəkəsi” Proqramı çərçivəsində ölkəmizdə yeni xüsusi mühafizə olunan ərazi kateqoriyası olan “Qobustan Geoparkı”nın yaradılması planlaşdırılır.