Cəlilabad rayon sakini, sahibkar Şəmsəddin Bünyatov redaksiyamıza göndərdiyi dövlət başçısına ünvanlı müraciətində ona yaradılan süni maneələrdən şikayət edib.
Sahibkar bildirib ki, rayon ərazisində onun “Dəyirman” adlı kafesi var. Onun sözlərinə görə, yay aylarında Cəlilabaddan Rusiyaya kartof daşıyan “TIR” sürücüləri kafenin həyətində park edirlər. Yeməklərini burada yeyir və kim istəsə kafenin ikinci mərtəbəsində olan qonaq otağında istirahət edir: “Bir müddətdir ki, “Dəyirman” kafesini almışam və mənim şəxsi mülkümdür. Burda bir neçə rayon sakini işləyib ailəsini dolandırır. Problemim isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis bölməsilədir. Belə ki, Göytəpə polis bölməsinin rəisi Asif İmanov bir neçə dəfə obyektimə əməkdaşını göndərib və deyib ki, yanıma gəlib məni “görsün”. Mən isə getməmişəm”.
Ş.Bünyatov dediyinə görə, bundan sonra rəis onunla prinsipə düşüb və göstəriş verib ki, kafenin həyətində olan “TIR”lar ərazidən çıxarılsın və Muğan kəndi ərazisində olan qanunsuz “TIR” parkında park edilsin: “Rəisin çağırışına getmədiyim və onu “görmədiyim” üçün obyektimə post patrul xidmətinin əməkdaşları gəldi. Onlar öz şəxsi ərazimdə olan “TIR”ları çıxarmaq üçün sürücülərə təzyiq göstərdilər. Onlar da məcbur olub ərazimi tərk edərək “TIR” parkına getdilər. İndi isə obyektimə bir sürücünün ayaq basmağa ixtiyarı yoxdur, çünki polis buna imkan vermir. Məsələ ilə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etmişəm”.
Ş.Bünyatov bildirib ki, “TIR” parkı həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalova məxsus imiş: “TIR” parkının fəaliyyəti isə tam qanunsuzdur. Bu park Cəlilabadın hazırda həbsdə olan sabiq icra başçısı Namiq Zeynalov tərəfindən tikilmişdi. Parkı isə Fuad Xudaverdiyev adlı rayon sakini idarə edir. Fuad Xudaverdiyevin qardaşı Qalib Xudaverdiyev isə Cəlilabad rayon icra başçısı Rafiq Cəlilovun birinci müavinidir”.
Sahibkar ona qarşı edilən bu özbaşınalığa görə ölkə başçısına və daxili işlər nazirinə şikayət edib: “Mən bu özbaşınalığa son qoyulması üçün Prezident cənab İlham Əliyevdən və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdan kömək istəyirəm. Xahiş edirəm, bu özbaşınalığa son qoysunlar” - deyə sahibkar bildirib.
Müraciətlə bağlı Göytəpə polis bölməsinin rəisi Asif İmanovun münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV