Bir müddət öncə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili səhhətinin ağırlaşması səbəbindən həbsxanadan “Vivamed” klinikasına köçürülmüşdü.
Əlaqədar qurumlar və rəhbər şəxslrə həmin klinikada ona hər cür tibbi yardım göstəriləcəyini açıqlamışdılar.
Lakin Saakaşvilinin vəkili eks-prezidentin vəziyyətinin adıçəkilən klinikada heç də yaxşılaşmadığını, hətta yemək belə yeyə bilmədiyini bildirib.
"Mixeil Saakaşvili hərəkət edə bilmir, yataq halındadır, arıqlayıb və yemək yeyə bilmir".
Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri vəkil Şota Tutberidze, "Vivamed" klinikasında Saakaşvili ilə görüşdükdən sonra jurnalistlərə müsahibəsində bildirib.
“Görüşə gedəndə də onu uzanmış vəziyyətdə gördüm. Tibbi göstərişləri və test nəticələrini bilmirəm. Bir vəkili olaraq mənə məlumdur ki, o bir neçə gündür klinikada olmasına baxmayaraq, səhhətində müsbət dəyişiklik müşahidə olunmayıb. Bir daha ekspertlərin içəri daxil olmasını tələb edirik, onlar sağlamlıq vəziyyətini tibbi baxımdan qiymətləndirməli, müalicənin nə dərəcədə effektiv olduğunu dəyərləndirməlidirlər. Bu vəziyyətdə onun məhkəmələrdə iştirak edə biləcəyini təsəvvür edə bilmirəm. Hərəkət edə bilmir, çox zəifdir, əzələ spazmı var. O, çox arıqladığını, yemək yeyə bilmədiyini, yalnız maye qəbul etdiyini bildirib. Tibbi göstəricinin pisləşməsi ehtimalı var", - deyə vəkil bildirib.
Xatırladaq ki, bir müddət öncə Gürcüstan ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze “ Saakaşvilinin vəziyyəti o qədər ağırdır ki, onun xaricdə müalicəyə ehtiyacı var”, həmçinin onun əlil qala biləcəyini vurğulamışdı .
"Vahid Milli Hərəkat" partiyasının millət vəkili Levan Xabeişvili isə Polşanın sabiq prezident Mixeil Saakaşvilini öz hesabına müalicə etməyə hazır olduğunu bildirmişdi.
Daha sonra Gürcüstanın Ədliyyə Nazirliyi Saakaşvilinin ölkə daxilində olan "Vivamed" klinikasına köçürülməsini təklif etdi.
Və nəhayət, Gürcüstanın eks- prezidenti Mixeil Saakaşvili mayın 12-də Rustavi şəhərindəki 12 saylı həbsxanadan “Vivamed” klinikasına köçürüldü.
Lakin Saakaşvilinin klinikaya köçürülməsinə baxmayaraq, onun səhhəti ilə bağlı yaranmış söz-söhbət bitmir.
Yaxınları onun xarici ölkələrdən birində müalicə olunmasının istəyirlər. Lakin ölkə rəhbərliyi buna icazə vermir.
Y.MƏMMƏDLİ