"Ukraynanın mütləq qalib gəlmək şansı var"
Amerikalı milyarder, iş adamı, maliyyəçi Corc Soros bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü III Dünya Müharibəsinin başlanğıcı ola bilər, ona görə də Qərb üçün prezident Vladimir Putinin silahlı qüvvələrini məğlub etmək vacibdir.
Reuters-in məlumatına görə, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Soros narahatlığını dilə gətirərək bildirib ki, bizim sivilizasiyamız bundan sağ çıxmaya bilər.
“Sivilizasiyamızı xilas etməyin ən yaxşı və bəlkə də yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir", - Soros qeyd edib.
Sorosun sözlərinə görə, Ukraynada “xüsusi əməliyyat”ın plana uyğun getdiyini və Kremlin bütün məqsədlərinə çatacağını deyən Putin, indi işğalın səhv olduğuna inanır və atəşkəslə bağlı danışıqlara hazırlaşır.
Lakin milyarder Rusiya liderinə etibar etməyi məsləhət görməyib.
"Ancaq atəşkəs əldə edilə bilməz, çünki ona etibar etmək olmaz. Putin nə qədər zəifləsə, bir o qədər gözlənilməz olur", -o, vurğulayıb.
"Nəticəni proqnozlaşdıra bilmərəm, lakin Ukraynanın mütləq qalib gəlmək şansı var", - milyarder bildirib.
Qeyd edək ki, Corc Soros 1930-cu il avqust ayının 12-də Macarıstanın paytaxtı Budapeşt şəhərində yəhudi ailəsində anadan olub.
1944-cü ilin martında gənc Soros 13 yaşında olarkən faşist Almaniyası Macarıstanı işğal edir. 1947-ci ildə Soroslar ailəsi repressiyadan xilas olmaq üçün saxta sənədlər düzəldərək, Böyük Britaniyaya üz tutur.
....Corc Sorosun fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir və milyardlara sahibdir.
Soros Fondu Ermənistanda da mövcuddur və onun maliyyələşdirdiyi deputatlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər.
JASMİN