Azərbaycanda Vətən müharibəsi iştirakçılarına – qəhrəman oğullarımıza böyük ehtiram və hörmət var.

Qarabağ uğrunda döyüşərək sağlamlığını itirən qazilərimizin, həyatlarını qurban verən şəhidlərimizin haqqını heç bir zaman itirmərik və itirməməliyik də.

Şəhidlərimizin  ailələri, övladları, həmçinin qazilərimiz dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Xalqımız da yardımsevərdir, Onların haqqının böyük və əvəzolunmaz olduğunu bilənlər  və ailələrinə, özlərinə hər cür yardım etməyə,  dəstək olmağa çalışanlar az deyil.

Bu gün “Kukla Teatrı”nın qarşısındakı keçiddə  popkorn aparatının üstünə vurulmuş elan diqqətimizi çəkdi: “Şəhid övladlarına və qazilərə popkorn pulsuzdur”.

Hamıya məlumdur ki, popkorndan əldə edilən qazanc, o qədər də böyük deyil, amma həmin  aparatın, xırda ticarətin sahibi bu kiçik gəlirinin az bir hissəsindən imtina edirsə, bu onun qəhrəman oğullarımıza verdiyi dəyərdən, insanlıqdan irəli gəlir. Baxmayaraq ki, hədiyyə kimi  verilən həmin qarğıdalının o qədər də böyük maddi dəyəri yoxdur və həmin şəxslərin də onu pulsuz almağa ehtiyacı yoxdur,  lakin mənəvi olaraq bu, çox dəyərlidir.

 …Həmin kiçik sahibkar bacardığı qədər onlara diqqət göstərmək istəyir. Bunu özünə borc bilir. Onlara dəyər verdiyini, seçilmişlərdən olduqlarını bildirmək istəyir.

Sevindirici haldır ki, Qarabağ müharibəsi qəhrəmanlarımıza, qazilərimizə, onların ailəsinə, övladlarına olan xüsusi diqqətə çox yerdə rast gəlirik. Hətta belə şəxslərə pulsuz xidmət göstərən taksi sürücüsü də vardı.

Az gəlir sahibi olan belə həmvətənlərimizdəki bu genişürəklilik isə yalnız alqışa layiqdir.

Arzu edərdik ki, böyük marketləri, ticarət mərkəzləri…. olan sahibkarlar da belə diqqət göstərənlərdən olsunlar.

Çünki qəhrəmanlarımızın övladları, qazilərimiz bu diqqətə, bu xüsusi qayğıya layiqdirlər.

 

 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN