Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Azərbaycan bayrağı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” örden və medallarına layiq görülən Baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun anadan olmasının 43-cü il dönümü qeyd edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub, şəhidin həyat və fəaliyyətindən söz açılıb.
E.ŞİRİNOV