İdarənin bir qrup əməkdaşı “Təzadlar”a şikayət etdi, nazir Muxtar Babayevdən kömək istəyir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə Regional Meşə İdarəsində çalışan bir qrup işçilər  adından redaksiyanın elektron poçtuna gileyli məktub daxil olub. Məktub nazir cənab Muxtar Babayevə ünvanlıdır, kömək istənilir.

Bəlli səbəbdən onlar adlarını bildirmədiklərini də qeyd ediblər. Aşağıda ixtisarla təqdim edirik:

Ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevə!

Çox hörmətli cənab nazir!

Sizin Azərbaycanın ekologiyasının saflaşdırılması yolunda çəkdiyiniz zəhməti və diqqəti görürük, alqışlayırıq. Bölgələrdə yaşıllıqların qorunması və yeni yaşıllıq zonalarının salınması təqdirəlayiqdir, bu işdə Sizin böyük əməyiniz və rolunuz var.

Biz, Bərdə Regional Meşə İdarəsində çalışan bir qrup işçilər (təəssüflər olsun, adımızı yaza bilmirik, anonimliyi qorumalı olduq) yazıb Sizə bildiririk ki, bu ilin martında Bərdə Regional Meşə İdarəsinə Qalib Həsənov direktor təyin edildi. O, direktor gələndən Sizin siyasətinizə zidd əməllərlə məşğuldur. Sadəcə, vicdanımız qəbul etmədi deyə, Sizə yazıb məlumat verməyi özümüzə borc bildik. Hansı ki, ərazidə indiyədək yaşıllığın, meşə təsərrüfatının qorunub saxlanması istiqamətində görülən işlər kifayət qədərdir və bunu hamı bilir. Lakin Qalib Həsənov gələndən meşə ərazisinə daxil olan torpaq sahələrini - hektarını 400 manatdan bostan yeri kimi ayrı-ayrı şəxslərə icarəyə verib. Məsələn, meşə sahəsində mal-qaranın otarılması da bu qəbildəndir. Bir inək 5 manatdan, 1 qoyun 2 manatdandır... Adi meşə gözətçilərini 1500 manatdan işə götürür. Bəzi ərazilərdən ferma yeri kimi istifadə olunmasını təmin edir. Hansı ki, həqiqətən də əvvəlki rəhbərliyin dövründə belə hallara rast gəlinməzdi. Sadəcə, meşə torpaqları üzərində həyata keçirilən bu hərəkətlər dözülməzdir. Qalib Həsənov əvvəllər nazirliyin Ağcabədi Regional Nəqliyyat İdarəsində rəis olub. Onu yaxşı tanıdığımızdan bilirik ki, Ağdam ərazisində yanacaqdoldurma məntəqəsi, Bərdədə oteli, Ucarda və Bərdədə isə “Beton zavod”u fəaliyyət göstərir. Yəni, onun qazanc yeri yetərincədir, amma meşə ərazilərimizin torpaq sahələrindən bu niyyətlə istifadə etməsi bizcə yolverilməzdir.

Ola bilər yazdıqlarımız anonim kimi qəbul edilsin. Amma əsla belə deyil və xahiş edirik faktların yoxlanılması üçün bölgəyə inandığınız komissiyanı göndərəsiniz”.

Redaksiyadan: Məsələyə aydınlıq gətirilməsi üçün iki gündür Qalib Həsənovun bizə təqdim edilmiş mobil nömrəsinə zəng vururuq, lakin cavab verilmir. Onun da mövqeyini dərc etməyə hazırıq. Çünki məktubda hüquqi məsuliyyət yaradan daha ciddi ittihamlar var ki, dəqiqləşdirilməli, araşdırılmalıdır.

Mövzuya qayıdılacaq.

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN