1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, bu barədə müvafiq Komissiyanın iclasında bildirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 23-də imzaladığı Fərmana əsasən icra olunacaq bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğını ifadə edir. Komissiyanın təklifləri təqdim edilib və həmin təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanılacaq.

Bildirilib ki, həmin birdəfəlik ödəmələr də elektron sistem üzərindən proaktiv təyin olunaraq, nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək.

Aidiyyəti qurumlar tərəfindən 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının, onlardan sığorta ödənişi verilməsinə dair məhkəmə qərarı olan şəxslərin və artıq sığorta ödənişi verilmiş şəxslərin siyahıları əsasında hazırda dəqiqləşdirmələr aparılmaqla ödəniş ediləcək şəxslərin siyahısı müəyyənləşdirilir.

İclasda birdəfəlik ödəmənin verilməsi üçün aparılan hazırlıq işləri müzakirə olunub.

Xatırladaq ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edəcək.

Onu da qeyd edək ki, sözügedən illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərdən vəfat edən şəxslərin vərəsələrinə də həmin ödənişlər veriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN