Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qax rayonunun Qıpçaq kəndindən olan şəhid Nəzir Osmanovdur.
İyunun 10-da Qıpçaq kəndində Vətən müharibəsi şəhidi Nəzir Osmanovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının rəhbər şəxsləri, şəhidin ailə üzvləri, təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abidə-bulağın açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Nəzir Osmanov 1998-ci il yanvarın 1-də Qax rayonunun Qıpçaq kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsində döyüşlərdə iştirak edib, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Nəzir Osmanov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallar ilə təltif edilib.