Xaçmaz Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Kərəm Veyisovun xatirəsinə həsr edilən kikboksinq üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
Bölgə müxbirimiz xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyası, Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Xaçmaz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhid Kərəm Veyisovun ailə üzvlərinin də iştirak etdiyi mərasimdə Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Fərzəliyev, şəhidin atası Səttar Veyisov, anası Nərgiz Veyisova, kikboksinq üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Hikmət Hacıyev, məşqçilər Çingiz Süleymanov, Ramin Nəcəfov çıxış ediblər. Bildirilib ki, Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.
Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də daim diqqəti cəlb edib. On bir yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Xaçmazda “Çempion” kikboksinq klubunu yaradaraq məşqçi kimi fəaliyyət göstərib.
Çıxış edənlər bildiriblər ki, Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.
Qeyd edək ki, açılış mərasimindən sonra yarışa start verilib. Bakı şəhəri və respublikanın rayonlarından, ümumilikdə 170 yeniyetmə və gənc idmançının qatıldığı turnir maraqlı idman mübarizəsi şəraitində keçib. Fərqlənən idmançılar təltif olunublar.
E.ŞİRİNOV