Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində sahibkarlar etiraza başlayıb.
Səbəb TM-nin rəhbərliyinin mağazaları icazəsiz şəkildə böyüdərək, bunun üçün sahibkarladan külli miqarda pul tələb etməsidir.
Bununla bağlı “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar mətbuata müraciət ediblər. Müraciətə əsasən, hazırda 1000 nəfərə yaxın sahibkar “Sədərək” TM-nin rəhbərliyindən şikayətçidir.
Bildirilir ki, TM-nin “Şirniyyat” adlanan ərazisində yerləşən mağazaların həcmi məcburi şəkildə böyüdülür: “Halbuki sahibkarlarla rəhbərlik arasında bununla bağlı heç bir razılaşma olmayıb və müqavilə imzalanmayıb. Artırılmadan əlavə, gördükləri iş üçün ikiqat vəsait tələb edirlər. Üstəlik, sahibkarların vəsaiti hissə-hissə ödəməsinə də razı deyillər. Hətta pul ödənilmədiyi üçün sahibkarlara təzyiqlər olunur və onların mağazaları bağlanır. Məsələn, şəxsi obyekt olan 12 kvadrat metr olan bir mağazanı heç bir icazə almadan 24 kvadrat metr ediblər. Ümumilikdə 10, 12 və 15 kvadrtat metr böyüdülən mağazalar da var. Bunun üçün əvvəl 5 min, sonra 6 min, indi isə 7-8 min manat pul istəyirlər. Mağazaların böyüdülməsi ilə bağlı heç bir tələbimizin olmamasına rəğmən, 500 manat şəklində hissə-hissə ödəməyi belə təklif edirik. Amma bu iş üçün sahibkarlardan bir dəfəyə 7-8 manat pul tələb olunur. Bu ödənişin olmasına dair də heç bir qəbz də təqdim olunmur”.
Şikayətçilər mağazalarının icarədə deyil, sənədlə özlərinə məxsus olduğunu bildirirlər: “Əlimizdə mağazaları aldığımıza dair müqavilələr var. Bunun üçün böyük məbləğdə vəsait ödəmişik. İyunun 1-dən etibarən bu prosesə başlayıblar və sahibkarlardan mağazaları artırmaq adı ilə məcburi şəkildə pul yığırlar. Bir aya yaxındır ki, təmirlə bağlı mağazaların fəaliyyətini də dayandırıblar. Bu işləri görənlər “Sədərək”də rəhbərlikdə təmsil olunan Yusif Qədimbəyli və Ənvər Qədimbəylidir və onlar heç kimə qulaq asmırlar. Hətta üstümüzə pul yığmaq üçün “qoçular” göndərirlər. Onlar bizi təhqir edir və hədə-qorxu gəlirlər. Buna baxmayaraq, heç bir sahibkar onlarla razılaşmır”.
E.ŞİRİNOV