Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin sabiq əməkdaşı Babək Əliyev əsassız yerə işdən çıxarıldığını iddia edir. O, bu məsələ ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.
Müraciətdə deyilir: "2019-cu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə gizir hərbi rütbəsində xidmətə qəbul olmuşam. FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalında baş verən korrupsiya faktları ilə bağlı baş həkim və onun köməkçilərinin barəsində başlanmış cinayət işi ilə əlaqədar 2021-ci il aprel ayının 20-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışam. Buna səbəb həbs edilənlərdən biri ilə, yəni həmin hospitalda qeydiyyatçı vəzifəsində işləyən İmanlı Taleh Mövlamverdi oğlu ilə qohumluq əlaqəmin olması idi. Hər ikimiz eyni qurumda işləyirdik. Mən hərbi qulluqçu kimi, o, isə sözügedən hospitalda inzibati heyətdə qeydiyyatçı vəzifəsində xidmət edirdi. İstintaqa çağırılan zaman müstəntiqlər ifadəmi alıb, rəhbər heyət mənim şifahi dinləyib.
İfadəmi verdikdən sonra sərbəst buraxılmışam və barəmdə heç bir hüquqi tədbir tətbiq edilməyib və ittihamedici qərar qəbul olunmayıb. Lakin bir gün sonra xidmət etdiyim FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinin hərbi hissəsinin komandiri polkovnik Rəşad Vəzirov məni əsassız şəkildə təqsirləndirilən şəxslə cinayət ortağı olmaqda ittiham edib. Mən Rəşad Vəzirova istintaqın nəticəsini gözləməyini və barəmdə prokurorluğun çıxaracağı ittihamın nəticəsinə uyğun olaraq qərar qəbul etməli olduğunu bildirsəm də, o, buna əhəmiyyət vermədi. Xidməti otağında daxili rabitə vasitəsini gətirib mənə göstərərək, “Dövlət Təhlükəsizliyi Xidməti və Hərbi Prokurorluq səni axtarır, ərizəni yaz könüllü olaraq xidmətdən çıx. Yoxsa, bunun aqibəti çox pis olacaq” dedi.
Məcbur qalaraq ərizə yazmalı oldum və işdən ayrıldım. Ərizəmi yazdıqdan 4 gün sonra müvafiq əmrə əsasən xidmət rəisi məni xidmətdən azad etdi.
Bu hadisədən bir neçə gün sonra atam Əliyev Əlövsət Mikayıl oğlu ilə birlikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, daha sonra isə FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi general-leytenant Şahmar Paşayevin qəbuluna getdik. Xidmət rəisinin müavini general-mayor Məhərrəm Həsənov atamı qəbul edib, müraciətini dinlədi, istintaq yekunlaşdıqdan, barəmdə heç bir ittiham hökmü çıxmayacağı təqdirdə köməklik göstərərək xidmətə bərpa edəcəklərini dedi.
Hazırda mənim barəmdə məhkəmə heç bir hökm çıxarmayıb. Həmin müddətdən bir il keçməsinə, baş vermiş cinayət hadisəsi ilə heç bir bağlılığımın olmamasına baxmayaraq, məni xidmətə bərpa etmirlər. Öz ərizəmlə xidmətdən xaric olunmağıma baxmayaraq, hərbi xidmətdə xidmətə uyğunsuzluq kimi xaric olunduğumdan, heç bir hərbi birləşmələrə xidmətə qəbul oluna bilmirəm.
Göstərilənləri nəzərə alaraq, xidmətə bərpa olunmağım və Azərbaycan Respublikasına xidmətimi davam etdirməyim üçün köməklik göstərməyinizi Sizdən xahiş edirəm".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV