2022-ci il yanvarın 20-də Saatlı rayonunun Çolpı kəndində yerləşən mağazalardan birində yanğın olub. Mağaza içərisindəki əşyalarla birlikdə yanıb.

Mağazanın sahibi Nabatkənd kəndinin sakini Bilal Abdullayevdir. O, mağazaya dəymiş zərərə görə sığortanı ala bilməməsindən şikayətlənir.

B.Abdullayevin bildirir ki, 5 aydır sığorta şirkətinin arxasınca düşüb, gah deyir, sığortanı ödəmirəm, gah da deyir ki, az məbləğ ödəyirəm. Bir sözlə, şirkət sığorta pulunu əmlaka dəyən zərərə uyğun ödəmək istəmir.

Hadisəyə səbəb elektrik naqillərindəki qısaqapanma olub. Hadisədən sonra B.Abdullayev müvafiq sənədləri toplayaraq sığorta müqaviləsi olan “Azsığorta”ya üz tutub: “Soruşdular ki, nə etmək fikrindəsən? Dedim, heç nə, sizinlə bağladığım müqaviləyə uyğun olaraq, sığortamı istəyirəm. Dedilər, “onsuz da biz sənə məbləğin hamısını verməyəcəyik”. Şirkət sığortanı verməmək üçün min bir bəhanə uydurur”.

B.Abdullayev deyir ki, “Azsığorta” ona dəymiş zərərə görə cəmi 29 min 500 manat sığorta ödəməlidir, ancaq şirkət 4 min 900 manatdan çox ödəmək istəmir.

B.Abdullayev yarım ilə yaxındır ki, gah ekspertiza rəyinin ləngidilməsi, gah da sığorta şirkətinin pulu ödəməməsi üzündən fəaliyyətsiz qaldığını deyir: “Əvvəlcə aylarla Ekspertiza Mərkəzi rəyi ləngitdi. İndi də iki aydan çoxdur ki, sığorta şirkəti ödənişi ləngidir, daha doğrusu, dəymiş zərəri tam ödəmək istəmir. Başqa dolanışıq yerim yoxdur, ailəmi o mağazadan əldə etdiyim gəlirlə saxlayırdım. Gözümü o sığorta puluna dikmişəm ki, yanmış mağazanı təmir etdirib kiçik sahibkarlıq fəaliyyətimi bərpa edim. Şirkət isə əsəblərimi tarıma çəkib”.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 aprel 2022-ci il tarixli rəyində qeyd olunub ki, yanmış mağazanın təmiri üçün görülməli olan işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 11520 manatdır.

Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli əmtəəşünaslıq ekspertizasının rəyində isə bildirilir ki, mağazadakı satışda olan geyimlərin əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 28 min 212 manat müəyyən edilib.

“Azsığorta” ASC-dən bildirilib ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən və Bilal Abdullayevin sahibkarlıq fəaliyyətiylə məşğul olduğu mağaza “Azsığorta” ASC-də “Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnaməsi ilə 1 illik sığortalanıb.

Bu il yanvarın 23-də ASC-yə mağazaya yanğın nətisəcində zərər dəyməsi barədə müraciət daxil olub.

Əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün hadisə yerinə sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert cəlb olunub.

Müstəqil ekspertin 4 fevral 2022-ci il tarixli rəyinə əsasən, daşınmaz əmlaka dəymiş zərər 5 min manat məbləğində müəyyən edilib.

Bu məbləğdən 100 manat azadolma məbləği (sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi deməkdir) çıxılaraq ASC tərəfindən 4900 manat sığorta ödənişi hesablanıb.

B.Abdullayev isə bununla razılaşmır. O deyir ki, ötən ilin fevralında “Azsığorta” həm də mağazadakı malları 24 min manat məbləğində sığortalayıb: “İndi isə bəhanə gətirir ki, həmin malların hesab-fakturası təqdim olunmayıb ki, ona görə də sığorta ödənsin. Mən geyimləri “Sədərək” Ticarət Mərkəzindən alıb gətirirdim, “Sədərək”də indiyə kimi hansı mala görə hesab-faktura verilib ki? Əsasən yanan əşyalar geyimlər olub, onlar da dediyim kimi, “Sədərək”dən alınıb”.

Əgər bu məsələyə hüquqi tərəfdən baxsaq, yekun olaraq deyə bilərik ki, şirkətlə vətəndaş arasında fikir ayrılığı olduğu üçün yaranıbsa, B.Abdullayev bunu məhkəmədə mübahisələndirə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN