“...Qiymətin düşməsi istənilən halda ölkəmizin bu məhsulun ixracından əldə etdiyi valyuta gəlirlərini azaldır.”
Hazırda dünya bazarında neftin qiymətində enmə müşahidə olunur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Deputat dünya bazarında neftin qiymətinin enməsinin əsas səbəblərini Çində baş qaldıran koronavirus pandemiyasında, Ukraynadakı müharibədə, iqtisadi böhranda görür.
“Bunun bir çox səbəbləri var. Əsas səbəblər kimi isə Çində pandemiyanın yenidən baş qaldırması ehtimalını, Ukraynada müharibənin uzanmasını, dünya bazalarında iqtisadi böhran gözləntilərinin daha da güclənməsini göstərmək olar. Beynəlxalq Valyuta Fondu (IMF) bu günlərdə 2022-2023-cü illər üçün dünyada iqtisadi artım proqnozlarını 3.6 faizə qədər azaldıb”, - deyə bildirib.
O, həm də bu günlərdə ABŞ-la Səudiyyə Ərəbistanı arasında əldə edilən anlaşmaya görə, 2 ay ərzində bazara hər gün əlavə 2 milyon barel neft çıxarılacağını da vurğulayıb.
Tahir Mirkişilinin sözlərinə görə, bütün bu amillər neftin qiymətinin aşağı enməsinə təsir göstərəcək.
“ABŞ siyasətində əsas hədəf neftin bir barelinin orta qiymətinin 60 dollar həddinə çatdırmaqdır. Bu alınacaq, yoxsa yox? Bunu zaman göstərəcək, çünki bazar çox dəyişkəndir, dünyada situasiya o qədər mürəkkəbdir ki, proqnoz belə vermək çox çətindir. Azərbaycan dövlət büdcəsi yeni qəbul olunmuş büdcə qaydalarına uyğun olaraq neftin qiymətinin volatilliyindən əsasən sığorta olunub. Amma qiymətin düşməsi istənilən halda ölkəmizin bu məhsulun ixracından əldə etdiyi valyuta gəlirlərini azaldır”, -qeyd edib.
Y.MƏMMƏDLİ