Ermənistanın iqtisadi vəziyyəti ağırlaşır, hətta xarici investisiyalar
nə az, nə çox 65% azalıb…
Bir müddət öncə Ermənistanın baş naziri də ölkəsində heç də vəziyyətin xoş olmadığını vurğulamışdı. O, iqtisadi vəziyyətin ağırlaşmasına başlıca olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyaların, həmçinin ərzaq təminatı ilə bağlı problemlərin, inflyasiyanın da təsirini etiraf etmişdi.
Statistik hesablamalara görə, Ermənistanda cari ilin birinci rübündə xarici investisiyalar 65% və ya 49,9 milyard dram (1.000 dram=3,9 manat) azalıb. Ötən illə müqayisədə Avropa Yenidənqurma və İnkişaf Bankının sərmayələri 33,9 milyard dram, Almaniyanın sərmayələri 22,18 milyard dram, Hollandiyann sərmayələri 16,2 milyard dram, İtaliyanın sərmayələri 3,48 milyard dram, Kanadanın sərmayələri 2,56 milyard dram, Yaponiyanın sərmayələri isə 1,85 milyard dram azalıb.
Tütün sənayesinə investisiyalarda 2,48 milyard dram, telekommunikasiya sahəsinə invastisiyalarda isə 3,55 milyard dram azalma qeydə alınıb.
İqtisadiyyat üçün vacib olan sənaye sahələrində investisiyaların həcminin azalması Ermənistan iqtisadiyyatı ilə bağlı maraqlı tərəflərdə ciddi narahatlıq doğurub.
Xatırladaq ki, Dünya Bankının bir neçə ay bundan əvvəlki proqnozuna əsasən, 2022-ci ildə Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 39,6 faizə çata bilər.
Baş nazir Nikol Paşinyan isə Ermənistan iqtisadiyyatındakı vəziyyətin idarə edilən olacağına ümid etdiyini bildirib…
Y.MƏMMƏDLİ