“Bu strategiyanın hazırlanması və təsdiqi Azərbaycanda yeni iqtisadi inkişaf modelinin tətbiqi anlamına gəlir.”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Azərbaycan iqtisadiyyatına təsirindən, baş verəcək dəyişikliklərdən danışarkən deyib.
O, qeyd edib ki, bu strategiyanın hazırlanması və təsdiqi Azərbaycanda yeni iqtisadi inkişaf modelinin tətbiqi anlamına gəlir və əsas məqsəd müasir çağırışlara, əvvəlki illərdə əldə edilmiş uğurlara əsaslanaraq, sürətli inkişaf strategiyasına nail olmaqdır. Onun sözlərinə görə, strategiyanın icrası, praktiki olaraq, bir tərəfdən ümumi daxili məhsulda dayanıqlığın və stabil iqtisadi artımın təmin olunmasına gətirib çıxaracaq, digər tərəfdən prioritet sektorların daha yaxından dəstəklənməsi üçün yeni imkanlar yaradacaq.
Vüqar Bayramov strategiyada əsas məqsədin ölkə iqtisadiyyatına innovasiyaları tətbiq etmək, "yaşıl enerji zonası" konsepsiyasının, həmçinin dünyada kifayət qədər aktual olan yeni iqtisadi modellərin, mexanizmlərin tətbiqinə nail olmaq olduğunu vurğulayıb.
“Strategiyada 5 milli prioritet üzrə tədbirlərin həyata keçirilməsi və dəstəklənməsi nəzərdə tutulur. Bu tədbirlər birmənalı şəkildə iqtisadi inkişafın inklüzivliyinin daha dayanıqlı olmasını təmin edir. Əsas məqsəd ölkə iqtisadiyyatında innovasiyaları tətbiq etmək, “yaşıl enerji zonası” konsepsiyasının, bu gün dünyada kifayət qədər aktual olan yeni iqtisadi modellərin, mexanizmlərin tətbiqinə nail olmaqdır. Bu baxımdan, strategiyanın tətbiqi Azərbaycanda iqtisadi inkişafın yeni bir mərhələsinin başlanması deməkdir. Bu, daha inklüziv, daha dayanıql və daha texnoloji əsaslı bir mərhələ kimi xarakterizə olunur”, - deyə millət vəkili bildirib.
Y.MƏMMƏDLİ