“Bu il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat həcmində güzəştli kredit verilməsi nəzərdə tutulur.”
Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev sahibkarlara verilən kreditlərin məbləğindən danışarkən bildirib.
Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ilin birinci yarım ilində ümumi dəyəri 100,9 milyon manat olan 1384 investisiya layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat həcmində güzəştli kredit verilib.
Osman Quliyev əlavə edib ki, hesabat dövründə ümumi dəyəri 135 min manat, kredit məbləği 50 min manat olan 1 investisiya layihəsinə avadanlıq krediti ayrılıb. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1379 yeni iş yerinin yaradılması təmin edilib.
Sədr vurğulayıb ki, 20 il ərzində verilmiş güzəştli kreditlər hesabına 177.000 –dən çox iş yeri yaradılıb.
“Fond aktiv fəaliyyətə başladığı dövrdən, 2002-ci ildən bu ilin iyul ayının 1-dək ümumi dəyəri 6.3 milyard manat olan 40.000-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsinə 2.7 milyard manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 177.000-dən çox yeni iş yerinin yaradılması mümkün olub”,- o, bildirib.
Osman Xaliyev cari il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat həcmində güzəştli kredit verilməsinin də nəzərdə tutulduğunu bildirib.
Y.MƏMMƏDLİ