Azərbaycanda tərəvəzçilikdən başqa giləmeyvə, əsasən çiyələk istehsalına və ixracına da diqqət artıb.

Bu sahəni inkişaf etdirərək daha yaxşı gəlir əldə etmək niyyətində olan sahibkarların sayı ilbəil çoxalır. Onların bir çoxu çiyələk ixracı ilə də məşğuldur.

Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev də bildirib ki, artıq ölkəmizdə 1000-ə yaxın giləmeyvə istehsalçısı, 100-ə yaxın giləmeyvə ixracatçısı var.

Sədrin sözlərinə görə, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi sayəsində istehsalçılar hər il əkin sahələrini təxminən 30-50 faiz artırırlar.

O, vurğulayıb ki, hər il ABŞ, Avropa təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda yeni giləmeyvə sahələri salınır və işğaldan azad edilmiş ərazilərimizdə də bu sahəni inkişaf etdirmək üçün əlverişli şərait var.

“Çiyələyin 70 faizi cənub bölgəsində - Cəlilabad, Masallı və Lənkəranda, müəyyən hissəsi isə Şəmkirdə, Xaçmazda istehsal edilir. Giləmeyvə əkini üçün işğaldan azad edilmiş ərazilərimizdə də əlverişli şərait mövcuddur. Yeni əkin sahələri üçün Azərbaycana Avropa ölkələrindən və Türkiyədən keyfiyyətli, məhsuldar şitillər gətirilir”, - deyə bildirib.

 Nemət Seyfullayev cari ildə giləmeyvə ixracının artdığını və proqnozların özünü doğruldacağını açıqlayıb.

“Bu il təxminən 7 min ton çiyələyin, 20-22 min ton gilasın xaricə ixrac olunacağını proqnozlaşdırmışdıq və bu proses uğurla davam edir. Moruq, böyürtkən ixracının 100-150 ton olacağı gözlənilir”, - deyib.

 Sədr bildirib ki, artıq giləmeyvə mövsüm mart ayından başlayır və məhsullar istixanalarda yetişdirildiyindən, aprelin əvvəlindən daxili və xarici bazarlara çiyələk çıxarılır. O, istehsal və ixrac prosesinin noyabradək davam etdiyini, indiyədək 6000 ton çiyələk ixrac edildiyini də  deyib.

Ölkəmizin əsas ixrac bazarının Rusiya olduğu, növbəti ildən isə Avropa ölkələrinə də məhsul ixrac etməyin planlaşdırıldığı  vurğulanıb.

Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il təxminən 8 milyon dollar dəyərində giləmeyvə ixrac edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN