Əmək bazarı proqramlarının əhatə dairəsi ildən-ilə genişləndirilir, yeni proqram və layihələr reallaşdırılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ölkənin həssas qrupuna daxil olan şəxslərin məşğulluğa cəlb edilməsindən danışarkən bildirib. 

O, bildirib ki, Agentliyin bu istiqamətdə 24 fəaliyyət istiqaməti mövcuddur. “Təkcə cari ilin 6 ayı ərzində 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 15.895 şəxs münasib işlərlə təmin edilib, 5028 nəfər kiçik biznes yaratmaq məqsədilə özünüməşğulluq proqramına qoşulub”, - deyib.

Onun sözlərinə görə, bu müddət ərzində peşə hazırlığına cəlb edilən 1875 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil olunub və məşğulluqlarının təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb, 14.846 şəxs peşəyönümlü tədbirlərə qatılıb.

O, qeyd edib ki,  44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir və bu dövrdə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib.

“Bu görüşlərin nəticəsi olaraq, 8000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramlarına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5400 şəxsin daimi işlə təminatına nail olunub. “Məşğulluq marafonu”na 600-dan çox şirkət vakansiya təqdim edib və 2500 şəxsin şirkətlər tərəfindən işlə təminatı həyata keçirilib”, - deyə bildirib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN