“Nahar fasiləsinin 2 saat təyin edilməsinə Əmək Məcəlləsində qadağa qoyulmayıb.”

Bunu sərbəst auditor Altay Cəfərov işçilərin nahar fasilələrinə verilən vaxt və müddətlə bağlı Əmək Məcəlləsində qoyulan tələblərdən danışarkən bildirib.

O, qeyd edib ki, Əmək Məcəlləsinin 103-cü maddəsinin müddəalarına əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir, lakin fasilənin vaxtı və müddəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

Altay Cəfərov diqqətə çatdırıb ki, əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və müddətini müəyyən etmək mümkün olmadıqda işəgötürən işçiyə nahar etməyə müvafiq şərait yaratmalıdır.

“Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Maddənin 5-ci bəndində isə göstərilib ki, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər”, - deyə bildirib.

Onun sözlərinə görə, nahar fasiləsinin vaxtını, həmçinin müddətini müəyyənləşdirmək üçün işəgötürənin müəssisədə daxili intizam qaydalarını təsdiq etməsi, həmin qaydalarda iş vaxtı rejimlərini və nahar fasilələrini müəyyənləşdirməsi məqsəduyğun olardı. Audit işəgötürən tərəfindən işçiyə verilən nahar fasiləsinin  müddətindən danışarkən bildirib ki, nahar fasiləsi praktiki olaraq hər yerdə 1 saat təyin edilir.

 “Nahar fasiləsinin bu müddətdən az tətbiqi qəbuledilməzdir. Nahar fasiləsinin 2 saat təyin edilməsinə isə Əmək Məcəlləsində qadağa qoyulmayıb”, - o, vurğulayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN