Xəbər veridyimiz kimi, bir neçə gün əvvəl “Şimal axını 1” boru kəməri ilə Rusiyadan Avropaya qaz nəqli tamamilə dayandırılıb.
Qaz ötürmə operatorları olan OPAL Gastransport və NEL Gastransport bunun, texniki xidmət işləri ilə əlaqədar olduğunu bildirmişdi.
Qeyd edilirdi ki, texniki işlər avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan başlayıb və 3 sentyabr saat 04:00-a qədər davam edəcək. Bir müddət əvvəl də “Qazprom” qazın nəqlini 3 gün müddətinə dayandırmışdı.
Lakin bu dəfə - sentyabrın 2-də Rusiyanın “Qazprom” qaz şirkəti “Şimal axını” boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan etdi. Şirkət bildirdi ki, boru kəməri kompressorunun hissələrində yağ sızması aşkar edilib və sızma aradan qaldırılana qədər avadanlıqlar dayandırılmalıdır.
Nord Stream 1 turbinlərinə müntəzəm texniki qulluq edən Siemens Energy şirkətindən isə bildirilib ki, belə yağ sızması boru kəmərinin işini dayandırmamalıdır...
***
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov axır ki, məsələyə aydınlıq gətirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, “Şimal axını” ilə təchizatın dayandırılması ilə bağlı vəziyyət yalnız anti-Rusiya sanksiyaları ilə bağlıdır.
Peskov qeyd edib ki, qaz nəqli ("Şimal axını") ilə bağlı poblemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb.
“Qazın nəqlinə problemlər yaradacaq başqa səbəblər mövcud deyil”, - deyə Peskov bildirib.
***
Xatırladaq ki, “Qazprom” qazın nəqlini 3 gün müddətinə dayandırdıqdan sonra - avqustun 26-da Avropada qaz fyuçerslərinin qiymətləri mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 dolları ötmüşdü.
Lakin avqustun 29-da "mavi yanacağ”ın qiyməti yenidən ucuzlaşmağa başlamış, Hollandiyadakı TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2539 dollara (MVt/saat üçün 245 avro) düşmüşdü.
Qeyd edək ki, Londonun ICE birjasının bu gün səhərə olan məlumatına görə, qaz nəqli tamamilə dayandırıldıqdan sonra Avropada qazın birja qiymətləri min kubmetr üçün 2900-dən ( 30%-dən yuxarı) çox bahalaşıb.
Lakin məlumatlara görə, Ukrayna elektrik enerjisi ilə bağlı Almaniyaya kömək etməyə hazırdır. Ukraynanın baş naziri Almaniyanın Deutsche Presse-Agentur agentliyinə müsahibəsində deyib ki, təbii qaz tədarükündə fasilələr yaranarsa, onu (elektrik enerjisini) ixrac edin.
Y.MƏMMƏDLİ