Bu şəxslərə 30.000 manat və ya 15.000 manat arası borclar nağd qaydada qaytarıla bilər, lakin...
Yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra - Qanun) tənzimlənir.
Vergi Xidməti bildirir ki, vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər.
Qeyd edilir ki, təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.
***
Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini, gəlirlərin və xərclərin uçotuna nəzarəti tam şəkildə təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu təsdiq edilib. Bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Y.MƏMMƏDLİ